Bakı. Trend:
Aprelin 18-də Azərbaycan Dillər Universitetində ABŞ Dövlət
Departamentinin Amerika Məkanlarının Regional İctimai Əlaqələr üzrə
mütəxəssisi Şeyla Veirlə və ABŞ Səfirliyinin Mədəniyyət üzrə
Attaşesı Hacı Salman ilə görüş keçirilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb,
onları universitetdə görməkdən məmnun olduğunu bildirib. ADU-nun
Bakı Amerika Mərkəzinin əsas mərkəzlərdən biri olduğunu bildirən
akademik Kamal Abdulla, eyni zamanda universitetdə fəaliyyət
göstərən digər dil və mədəniyyət mərkəzləri haqqında məlumat
verib.
Qeyd olunub ki, mərkəzlərin tədris və elmi bölmələrlə əlaqəli
formada fəaliyyətdədir, həmçinin bu mərkəzlərin tələbələrlə yanaşı,
ölkələrin dili, mədəniyyəti, ədəbiyyatı ilə maraqlanan hər kəsin
üzünə açıqdır. Tələbələrin Amerika üslubunu rahatlıqla qəbul
etdiyini deyən universitet rəhbəri ADU Amerika Mərkəzinin zəngin
kitabxana və internet bazasından müəllim və tələbələrin, həmçinin
digər maraqlı şəxslərin səmərəli şəkildə bəhrələndiklərini diqqətə
çatdırıb:
“Universitetimizdə Avropa dilləri ilə yanaşı yapon, Koreya,
İndoneziya, Çin, ərəb, türk, sankrit və s. dillər də tədris olunur.
Mərkəzlərimizin qapıları təkcə universitetimizə yox, geniş kütləyə
də açıqdır və bu bizi sevindirir. Beynəlxalq əlaqələrimiz bizə
geniş imkamlar yaradır və bu imkanlar həm elmi, həm də mədəni
mübadilənin əhəmiyyətini təqdim etmiş olur. Əminəm ki, Bakı Amerika
Mərkəzi bundan sonra da həm müəllimlərimiz, həm də tələbələrimiz
üçün faydalı işlərə imza atacaq”.
Səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını bildirən
qonaqlar ADU ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb. Qeyd olunub
ki, universitetlər arasında mübadilə proqramlarının qurulması
önəmlidir. Bildirilib ki, cəmiyyətlərin inkişafında Amerika
Mərkəzlərinin təsir imkanları böyükdür:
“Amerika Mərkəzləri olaraq cəmiyyətlərin inkişafında həm mədəni,
həm də intellektual olaraq dəstək olmaq istəyirik. Bu 15 ildə
Amerika Mərkəzləri çox inkişaf edib, uzun yol qət edib. Bu illər
ərzində priorotetlərimiz dəyişsə də, bizim ictimaiyyət üçün daima
açıq olmağımız dəyişməz olaraq qalıb. İcma mərkəzi olaraq hamıya
əlçatanlığımız təmin olunur. Bu da bizim işimizin əsas qayələrindən
biridir”.
Görüş gələcək layihələrin həyata keçirilməsi istiqamətində
müzakirələrlə davam edib.