...

Bakıda gözəllik qatilləri: Onlar niyə belə edirlər?

Cəmiyyət Materials 4 İyul 2023 14:16 (UTC +04:00)
Bakıda gözəllik qatilləri: Onlar niyə belə edirlər?
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Belə ki, iyulun 1-də Bakı Bulvarında çəkildiyi qeyd edilən videogörüntüdə bir qadının kaktusun üzərinə yazı yazmağa çalışdığı görünür. Digər xanım ona irad bildirib və bunu sosial şəbəkədə paylaşacağını desə də, qadın və yanındakı kişi ona fikir verməyiblər.

Polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb.

O, izahatında törətdiyi əməli etiraf edib.

Həmin xanım barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Əfsuslar olsun ki, Dənizkənarı Milli Parkdakı dekorativ ağaclara, xüsusilə də kaktuslara qarşı aqressiya, davranış qaydalarına tam zidd olan bir hərəkət ilk deyil.

Bu günədək dəfələrlə belə hallar olub, vətəndaşların və cəmiyyətin qınağından, hüquq-mühafizə strukturlarının zəruri addımlarından sonra suçlular cəzalarını alıblar.

Bulvarda 57 mindən artıq ekzotik bitkilər var.

Dənizkənarı Milli Parkda xaricdən gətirilib əkilən ekzotik ağaclara dövlət büdcəsindən təqribən 70 milyon manat xərclənib. Bu ağaclardan ən bahalılarından biri babobab ağacıdır ki, onun da qiyməti alındığı dönəmdə 50 min manat idi. Hantorriya, palma və başqa ağacların isə hərəsinin 5-6 min manat qiyməti vardı. Digər ağacların isə hər biri dövlətə 12-16 min avroya başa gəlmişdi.

Zədələnən kaktuslar isə Türkiyə, İtaliya, İspaniya, Amerika və Hollandiyadan gətirilib. Onların hamısı öz ölkələrinin müvafiq iqlim xüsusiyyətlərinə uyğun əkilib. Abşeron subtropik zona olduğundan həmin bitkilər ilin on ayında suvarma və qulluq tələb edir.

Dənizkənarı Bulvardakı xarici ölkələrindən gətirilmiş bahalı ekzotik bitkilərdən olan kaktus ağacları kəsici-deşici alətlərlə zədələmək, ağacların gövdələrində müxtəlif yazılar həkk etmək elementar vəhşilik, aşkar mədəniyyətsizlikdir.

Dənizkənarı Milli Parkda gəzintiyə çıxanlar arasında hələ də öz adlarını, yaxud sevgililərinin və ya doğulduqları kəndlərin adlarını dəyəri on minlərlə dollar olan bu ekzotik ağaclara həkk edirlər. Belə yazılar daha çox kaktusların enli yarpaqlarında gözə dəyir. Dənizkənarı Milli Parkın bir para məsuliyyətsiz və mədəniyyətsiz ziyarətçilərinin sayəsində indi həmin kaktusların yarpaqlarında az qala salamat yer yoxdur.

Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları dekorativ bitkiləri qorumaq üçün bütün zəruri tədbirləri görür. Lakin Dənizkənarı Milli Parkın böyük ərazisini əhatə etdiyini və insanların sıx ziyarət etdiyi yer olmasını nəzərə alsaq, o zaman bu məkanda nizam-intizama əməl olunması, səliqə-sahmanın qorunması üçün vətəndaşların üzərinə də təbii, ciddi məsuliyyət düşür.

Əslində bu, adi vətəndaş məsuliyyəti, sivil cəmiyyətdə yaşam və davranış qaydalarıdır. Bulvarda istirahət, asudə vaxtın xoş keçirilməsi üçün yaradılmış şəraiti hər kəs qorumalı, barbarlıq etməməlidir.

Gözəlliyə, zərifliyə qarşı istənilən aqressiya, çünki, məhz barbarlıqdır. Qədimlərdə "barbar" adlanan tayfaların mənsubları kimi hərəkət etmək, Romaya ilk dəfə ayaq basmış vandalların sənət incilərini və bitkiləri məhv etmələri ilə müşayiət olunan vəhşilikləri təkrarlamağın başqa adı yoxdur.

Müvafiq dövlət qurumları fəaliyyətləri çərçivəsində çalışır, polis də qanunazidd əməl edənləri saxlayır. Lakin çağırışlar, dəvətlər, yasaqlar və qadağalar vasitəsilə effektiv nəticə əldə etmək mümkün deyil.

Bakıya sevgi hissi, vətəndaş məsuliyyəti duyğusu yoxdursa, belə vətəndaş gözəlliyə divan tutacaq, dekorativ bitkilərə və kaktuslara adının ilk hərfini, yaxud yaşayış məntəqələrinin adlarını yazmaqla içindəki duyğuları izhar etməyə çalışacaq.

Bulvarda barbarcasına hərəkət edənlər batinlərindəki natamamlıq kompleksinin qurbanları, mənşəsiz aqressiya daşıyıcılarıdır. Sindrom və komplekslərdən uzaq olan, sosiumun fərdinin hərəkət çərçivələri ilə azadlıqların könüllü məhdudiyyət hədlərini anlayan individ belə davranmaz, davrana bilməz və istəməz də.

Estetikanın təməl prinsiplərindən xəbərsiz olan və gözəlliyi yalnız eqoist hisslərinin ödənilməsi səviyyəsindəki nəsnə qismində qəbul edən üçünsə şəhərin landşaft çeşidliyi, Bulvardakı dekorativ bitkilərə çəkilən xərclər və zəhmət önəmsizdir.

Beləsi üçün önəmli kaktusun üzərinə adının baş hərfini cızmaq, onu içdən gəmirən cılız hissləri büruzə verməkdir.

Gözəllik çirkinliyin, etik davranış tərbiyəsizliyin, birgəyaşaam qaydalarına riayət xaosun, mədəniyyət isə cahilliyin və qabalığın antoqonist olduğundan seçim dürüst edilməlidir.

Nə yazıq ki, bəzi şəxslər vətəndaş məsuliyyətini dərk etmir. Milli Park hər kəsin, kaktuslara zərər verən şəxsin də milli dəyəri olmalıdır. Burada xoş istirahət keçirmək, gözəlliklərdən zövq almaq üçün yaradılan şəraiti hamı qorumalıdır. Paytaxtımızın gözəlliyində xüsusi yeri olan Milli Parkı qorumalıyıq.

Çünki hamılıqla gözəllikləri qorumılıyıq: əksi boz və sönük ətrafda yaşamaqdır.

Bu səbəbdən də dekoratik ağaclara və kaktuslara qarşı qəsdən, bilərəkdən zərər vuranlara qarşı cəza tədbirləri sərtləşdirilməli, cərimələrin məbləğləri artırılmalıdır.

Həmin şəxsləri bulvardakı təmizlik və təmir işlərinə bir iş həftəsi müddətinə məcburi qaydada cəlb etmək də olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti