Bakı. Trend:
Yusufeli su elektrik stansiyası Türkiyənin xarici enerjidən asılılığının azaldılmasına böyük töhfə verəcək.
Trend-in TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Yusufeli su elektrik stansiyasında araşdırmalar apararkən deyib.
"Yusufeli stansiyası 588 meqavat quraşdırılmış gücə malikdir. Mühəndislik, tətbiqi texnika baxımından diqqətəlayiq bir layihədir. Burada hər il təxminən 1,8-1,9 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq. İstehsal olunan elektrik enerjisindən 2,5 milyon vətəndaş istifadə edə biləcək”, - deyə nazir bildirib.
"Yusufeli su elektrik stansiyası ölkənin xarici enerjidən asılılığının azaldılması baxımından çox vacibdir. Burada istehsal olunan enerji vasitəsilə Türkiyənin enerji ehtiyacının əhəmiyyətli bir hissəsini qarşılayacağıq", - Alparslan Bayraktar qeyd edib.
Qeyd edək ki, Yusufeli su anbarı və su elektrik stansiyası 275 metr gövdə hündürlüyü ilə Türkiyənin ən böyük anbarıdır.
5 milyon insanın elektrik enerjisi ehtiyacını ödəyə biləcək bu anbar 558 meqavat quraşdırılmış gücə sahib bir elektrik stansiyasına malikdir.