...

Dənizkənarı Milli Parkda skuter problemi - Qaydalara niyə riayət edilmir? (FOTO)

Cəmiyyət Materials 14 Avqust 2023 14:41 (UTC +04:00)
Dənizkənarı Milli Parkda skuter problemi - Qaydalara niyə riayət edilmir? (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Skuterlər, velosipedlər Dənizkənarı Milli Parka gələn sakinlər üçün əsl təhlükə mənbəyinə çevrilib. İnsanların sıx gəzdiyi ərazilərdə skuter və velosipedlərin sürətlə insanların arasından hərəkət etməsi ciddi narazılığa, hətta bir sıra hallarda insanlara toxunaraq mübahisələrə səbəb olur.

Bir müddət öncə Dənizkənarı Bulvar İdarəsi tərəfindən vətəndaşların sıx olduğu dənizkənarı zolaqda skuterlərin hərəkəti qadağan edilsə də, skuterlərin hərəkəti üçün xüsusi zolaqlar təyin edilsə də, skuter istifadəçiləri tərəfindən bu qaydalara əməl edirlmir. Bulvar ərazisində insanların sıx olduğu yerlərdə, yəni, qadağan edilən zolaqlarda skuterlər sürətlə hərəkət edərək vətəndaşları ciddi şəkildə narahat edir.

Trend-ə açıqlama verən Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva bildirib ki, Dənizkənarı Bulvar İdarəsi bu məsələ ilə bağlı səlahiyyətləri yol verdiyi çərçivədə bütün mümkün addımları atıb.

“Bulvar ərazisində İdarə tərəfindən qadağanedici lövhələr də quraşdırılıb, eyni zamanda sürət həddi müəyyənləşib, bununla bağlı izahedici məlumatlar da verilir. Bizim nəzarətçilərimiz də qaydaları pozan skuter istifadəçilərinə yaxınlaşıb tövsiyəedici məlumatlar verirlər, söhbətlər aparırlar. Burada skuter istifadə edən vətəndaşların da üzərinə məsuliyyət düşür ki, qaydalara riayət etsinlər. Çünki Dənizkənarı Bulvar İdarəsi səlahiyyətləri nəyə yol verirsə, o tədbirləri də artıq görüb.

Nəzarətçilər də skuter istifadəçilərinə bir qədər artıq söz dedikdə xoşagəlməz hal yaşanır. Bulvar İdarəsi də hazırki vəziyyətin yaranmasında maraqlı deyil. Biz səlahiyyətimiz çərçivəsində bütün qaydaları tətbiq etmişik, ictimaiyyətə geniş məlumat verilib. Artıq vətəndaş özü də məsuliyyətli olmalıdır”, - deyə o, vurğulayıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru polis mayoru Araz Əsgərli məsələ ilə bağlı Trend-ə deyib ki, DYP bu məsələ ilə bağlı dəfələrlə ictimaiyyətə müraciət edib.

“Vətəndaşların haqlı narazıçılığını, narahatlığını vurğulamışıq. Dənizkənarı Bulvar İdarəsi ilə də müvafiq qaydada əməkdaşlıq edib bu məsələnin səhmana salınması üçün lazımlı işləri görmüşük. Yenə də məsuliyyətin bir hissəsi vətəndaşın öz üzərində qalır. Hamı başa düşməlidir ki, kiminsə yolunda başqasını narahat etmək olmaz, qanunla buna icazə verilmir. Ərazidə xidmət aparan əməkdaşlarımız belə halları gördük də dərhal müdaxilə edirlər. Ancaq vətəndaş da məsuliyyətli olmalıdır. Qayda var, məsuliyyət müəyyənləşib, gərək vətəndaş da öz məsuliyyətini yerinə yetirsin”, - deyə A.Əsgərli əlavə edib.

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyində skuterlərlə bağlı anlayış müəyyən edilməyib.

“Bunun nə olduğu məlum deyil, yəni qanunvericilikdə müəyyən edilməyib ki, skuter velospedə və ya mopedə bərabər tutulur. Birinci bu müəyyən edilməlidir. Əgər Dənizkənarı Milli Parkda skuterlər üçün müəyyən yer nəzərdə tutulubsa, orada idarə etmək lazımdır.

Hər halda skuter də nəqliyyat vasitəsidir və nəqliyyat vasitəsi olduğuna görə insanlar da ondan düzgün istifadə etməlidir. Düzgün istifdadə etməyənlərlə bağlı tədbirlər görmək lazımdır. Çünki skuterin mühərriki var, velospetdən sürətli hərəkət edir və insana dəyərsə ciddi xəsarət yetirə bilər”, - deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti