Bakı. Trend:
Bəlli olduğu kimi, ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması üçün, onların maraqlarına xidmət edən davamlı addımlar atılır. Tarif Şurasının dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı hədd olaraq tətbiq edilməsi barədə qərarı da bu istiqamətdə atılmış növbəti addımdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin 15 avqust 2023-cü il tarixli fərmanı ilə “Dərman vasitələri haqqında” qanunda və bu qanunun tətbiqi barədə fərmanda dəyişiklik edilmişdi: “Bu dəyişikliklərlə dərman vasitələrinə əlçatanlığın təmin olunması, çeşid sayının çoxaldılması, keyfiyyətə nəzarətin artırılması və daha aşağı qiymətə satılması məqsədilə tələblər müəyyənləşdirilib. Tarif Şurasının bugünkü qərarı məhz həmin Fərmandan irəli gəlir”.
Qərarın əhəmiyyətinə gəlincə, deputat, “Bu qərar qəbul olunana qədər dərman vasitələri üçün vahid qiymət tətbiq olunurdu və bütün apteklərdə dərman vasitələri həmin vahid qiymətə satılırdı. Məsələn, deyək ki, hər hansı bir dərman vasitəsinin qiyməti 8 manat olaraq təsdiqlənərdisə, bu, vahid qiymət hesab olunurdu və bütün apteklərdə 8 manata satılmalı idi. Yeni qərardan sonra isə təsdiq olunmuş satış qiymətləri yuxarı hədd hesab olunur. Yəni artıq 8 manat həmin dərman vasitəsinin maksimal qiyməti sayılır və apteklər onu 8 manatdan aşağı qiymətə sata bilər” deyib.
V.İskəndərovun sözlərinə görə, bu qərar dərman vasitələrinə əlçatanlığın yaxşılaşdırılmasına, bu sahədə daha əlverişli rəqabət mühitinin yaradılmasına və əhali tərəfindən dərman vasitələrinin tənzimlənmiş qiymətlərdən aşağı qiymətə alınmasına imkan verəcək: “Onu da deyim ki, Prezidentin 15 avqust 2023-cü il tarixli Fərmanı ilə əlaqədar olaraq aidiyyəti qurumlara yaxın zamanlarda bir sıra məsələlərin həlli tapşırılıb. Bunlardan biri də dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi ilə bağlıdır. Belə ki, hazırda qeydiyyat prosesi üçün 9 aydan çox vaxt tələb olunur. Bu da yeni dərman vasitəsinin bazara daxil olması üçün 1 ildən çox müddətin keçməsi deməkdir. Dövlət başçısının müvafiq Fərmanında maksimum 4 ayərzində dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi ilə bağlı tapşırıq müəyyənləşdirilib. Buraya həm standart qeydiyyat prosesinin müddətinin azaldılması, həm də xarici (beynəlxalq) qeydiyyatın tanınması aiddir. Sadələşdirmə ölkəmizə dərman idxalını stimullaşdıracaq və əhalininin dərman təchizatını yaxşılaşdıracaq”.