Bakı. Trend:
Sentyabrın 19-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, brifinqdə çıxış edən Beynəlxalq Hərbi
Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli
antiterror tədbirləri barədə xarici ölkələrin hərbi nümayəndələrinə
ətraflı məlumat verib.
Bildirilib ki, bölgədə başladılan lokal xarakterli antiterror
tədbirlərinin məqsədi 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli
bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda
törədilən genişmiqyaslı təxribatların qarşısının alınması,
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək
ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun
zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc
əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər
və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və
Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa
edilməsidir.
Bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur
obyektlərinin hədəfə alınmadığı, yüksək dəqiqlikli silahların
tətbiqi ilə yalnız legitim hərbi hədəflərin sıradan çıxarıldığı
xüsusi vurğulanıb.
Sonda brifinqdə qeyd edilən faktlarla bağlı videomateriallar
nümayiş olunub və nümayəndələri maraqlandıran suallar
cavablandırılıb.