Bakı. Trend:
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məxsus mövqenin və müşayiət etdiyi mülki kolonun atəşə tutulması barədə yayılan məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır.
Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Anar Eyvazov brifinqdə deyib.
"Belə əsassız iddialara cavab olaraq bildirirəm ki, sülhməramlı kontingent ilə davamlı şəkildə operativ qaydada təmasdayıq və onların öz vəzifələrini icra etmələri üçün tərəfimizdən zəruri şərait yaradılır", - MN sözçüsü əlavə edib.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.