Bakı. Trend:
Xankəndinin mərkəzindəki meydana Zəfər meydanının adının verilməsi təklif edilir.
Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Fəzail Ağamalı dekabrın 5-də keçirilən parlamentin plenar iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.
Deputat təklif edib ki, həmin meydanda işğalda olan ərazilərimizin azad olunması əvəzsiz xidməti olan Silahlı Qüvvələrimizin qəhərmanlarının monumenti yerləşdirilsin.
Qeyd edək ki, Xankəndi şəhəri 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal edilmişdi. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan polisi Xankəndi şəhərinə nəzarəti bərpa edib. 15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırmışdır. 8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirilib.