...

Bakıda məişət zorakılığı ilə bağlı beynəlxalq konfrans keçirilib (YENİLƏNİB)

Cəmiyyət Materials 6 Dekabr 2023 16:00 (UTC +04:00)
Bakıda məişət zorakılığı ilə bağlı beynəlxalq konfrans keçirilib (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 6-7 dekabr 2023-cü il tarixlərini əhatə edən konfrans öz işinə başlayıb.

“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndinin icrasını təmin etmək məqsədilə təşkil edilən tədbirdə əvvəlcə videoçarx nümayiş etdirilib.

Ardınca açılış nitqləri dinlənilib.

Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkə prezidentinin fərman və sərəncamlarının, I vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinin cəmiyyəti zorakılıq ilə mübarizəyə daha yaxından səfərbər etmək naminə müntəzəm təşəbbüslərini əldə edilən nailiyyətlərin əsas hərəkətverici qüvvə olduğunu vurğulayıb.

Bu istiqamətdə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edildiyini bildirən Komitə sədri, bu sənədin icrasına 19 dövlət orqanının cəlb edildiyini və 7 istiqamət üzrə ümumilikdə, 32 tədbirin nəzərdə tutulduğunu qeyd edib.

Normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün qüvvədə olan hüquqi bazanın təhlilinin aparıldığını, aidiyyəti dövlət orqanları və qurumları ilə razılaşdırılaraq təkliflər paketinin hazırlandığını bildirən Komitə sədri, layihələrdə əsas ideyaların məişət zorakılığı zəminində törədilən cinayətlərin qanunvericilikdə xüsusiləşdirilməsi, qurumlararası əlaqələndirmə mexanizminin yaradılması, zərər çəkmiş şəxslərin pulsuz hüquqi yardımla təmin edilməsi, mühafizə orderlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı hüquqi tənzimləmənin formalaşdırılmasından ibarət olduğunu diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, Milli Fəaliyyət Planının qüvvədə olduğu 3 il müddətində qurumlararası əlaqələndirmə gücləndirilmiş, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün dövlət yardım mərkəzi, qaynar xətt fəaliyyətə başlamış, akkreditasiyadan keçmiş qeyri-dövlət yardım mərkəzlərinin işi qiymətləndirilmişdir. Həmçinin müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlığı və təlimləndirilməsi, ayrı-ayrı əhali qruplarının məlumatlandırılması həyata keçirilmişdir.

O, aparılan genişmiqyaslı məlumatlandırıcı və maarifləndirici tədbirlərin məişət zorakılığı hallarının daha çox aşkar edilməsinə təkan verdiyini qeyd edərək, əlavə edib ki, vaxtında və operativ yardım xidmətlərinin göstərilməsi zərər çəkmiş şəxslərin dövlət orqanlarına və digər xidmət subyektlərinə etimadını artırmışdır.
Daha sonra elm və təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva çıxış edərək, məişət zorakılığı ilə mübarizə istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumatları diqqətə çatdırıblar. Qeyd edilib ki, ailədaxili münasibətlər uşaqların vətəndaş və şəxsiyyət kimi formalaşmasına əsaslı mənfi təsirlər göstərir, zorakılıq hallarının cəzasız qalmasının bu kimi hadisələrin yenidən təkrarlanmasına, problemin dövrülüyünün yaranmasına və həllinin daha da mürəkkəbləşməsinə səbəb olur. Əlavə edilib ki, qadın və qızların, ümumilikdə cəmiyyətin bütün üzvlərinin təhsilli olması, öz hüquqlarını bilməsi, ailə dəyərlərinin gücləndirilməsi bu problemlemlə mübarizəyə mühüm töhfələr verə bilər.

Konfransın xaricdən təşrif buyuran qonaqları BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Florence Bauer, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəhbəri Katerina Bolognese, Koreya Respublikası Parlamentinin üzvü, Milli Məclisdə Gender bərabərliyi və Ailə Komitəsinin sədri Kwon In-sook bütün dünyada bu problemlə mübarizənin diqqət mərkəzində olduğunu və təxirəsalınmaz tədbirlərin aparıldığını qeyd edib.

Konfrans Milli Fəaliyyət Planının icrası istiqamətində görülən işlər, mövcud problemlər və perspektivlər barədə, eləcə də bu sahədə digər ölkələrin müsbət təcrübələrinə dair panel müzakirələrlə davam edib.

xxx

10:12

Bakıda “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.

Trend xəbər verir ki, konfransda dövlət orqanlarının vəzifəli şəxsləri ilə yanaşı, BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisinin rəhbəri, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəhbəri, Koreya Respublikası Parlamentinin üzvü və Parlamentin Gender bərabərliyi və Ailə Komitəsinin sədri, Almaniya Schlesviq-Holsteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarusiya, Böyük Britaniya və ABŞ Universitetlərinin alimləri iştirak edir.

Xəbər lenti

Xəbər lenti