...

Bakı hava limanı Avropaya və MDB ölkələrinə marşrut şəbəkəsini genişləndirməkdə davam edir - Teymur Həsənov

Cəmiyyət Materials 11 Dekabr 2023 16:09 (UTC +04:00)
Bakı hava limanı Avropaya və MDB ölkələrinə marşrut şəbəkəsini genişləndirməkdə davam edir - Teymur Həsənov

Bakı. Trend:

İlin sonunadək Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axını rekord göstəriciyə - 5,7 milyon nəfərə çatacaq.

Yeni aviadaşıyıcıların, o cümlədən aşağıbüdcəli aviaşirkətlərin cəlb edilməsi, regional hava limanlarının fəaliyyətinin genişləndirilməsi, habelə inkişaf edən aviasiya sahəsinin gələcək perspektivləri barədə Trend.az saytına özəl müsahibəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov danışıb.

- 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axını üzrə rekord göstəricini və dünyada baş verən hadisələri nəzərə alaraq, cari ildə hava limanının işini necə qiymətləndirmək olar? Hava limanı bu pik mövsümdə sıx uçuş qrafikinin öhdəsindən gələ və yeni rekord müəyyən edə biləcək mi?

Pandemiyadan əvvəl 2019-cu ildə hava limanında sərnişin axını rekord həddə - 4,7 milyon nəfərə çatmışdır. Lakin Bakı hava limanının 2023-cü ilin 11 ayında olan ümumi sərnişin dövriyyəsinə nəzər salsaq, bu rəqəm 5,3 milyonu ötüb. Faktiki olaraq, 2019-cu illə müqayisədə 2023-cü ilin hər ayında yeni rekordlar müəyyən edilmişdir. İlk 11 ay ərzində daxili və beynəlxalq reyslərin sərnişinlərinin ümumi sayı 2019-cu ilin analoji dövrünün göstəricilərindən 21,2 % çox olub.

Yalnız beynəlxalq reyslərə nəzər yetirdikdə, 22,1 % artım müşahidə olunur. 2023-cü ilin 11 ayı ərzində beynəlxalq uçuşlarda sərnişinlərin payı 87,4% təşkil edib. Ən çox sərnişin daşıyan xarici aviaşirkətlər sırasında “Turkish Airlines”, “Georgian Wings”, “Aeroflot”, “Utair” və “FlyDubai” kimi aviadaşıyıcıları qeyd etmək olar. Bu göstərici Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq uçuşlarda aparıcı rol oynadığını göstərir.

Digər tərəfdən, məsələyə qlobal baxsaq bu il Azərbaycan Dünya Səyahət və Turizm Şurasının rəsmi destinasiya tərəfdaşı seçilib və həmin şuranın ekspertlərinin qiymətləndirməsinə görə makroiqtisadi və geosiyasi gərginliyə baxmayaraq, dünya turizm sektoru bu il gözləniləndən daha sürətlə bərpa olunur. 2023-cü ildə dünya üzrə turist axınının ümumi həcmi 2019-cu illə müqayisədə 5% artacağı proqnozlaşdırılır.

Heydər Əliyev Beynəlxalq Aeroportunda isə ilin sonunadək sərnişin axınının 2019-cu ilin göstəricisindən 20 faizədək çox olarağı və 5,7 milyonu ötəcəyi gözlənilir. Ümumiyyətlə bu gün Bakı hava limanı 9 milyon sərnişinə xidmət göstərmək qabiliyyətinə malikdir. Əminliklə deyə bilərəm ki, aeroportumuz sıx uçuş qrafikinin öhdəsindən uğurla gəlir və yeni rekord qazanmağa hədəflənib.

- Geosiyasi şəraitdə, xüsusən də Cənubi Qafqazda baş verən son yeniliklər Bakı hava limanında həyata keçirilən uçuşlara və sərnişin axınının həcminə necəsə təsir göstərib?

Mövcud geosiyasi şəraiti nəzərə alaraq, əminliklə qeyd etmək istərdik ki, Ukraynaya/Ukraynadan uçuşların həyata keçirilməsi istisna olmaqla, bu hal Heydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə minimal təsir göstərib.

Sərnişin axını artmaqda davam edir, Səmərqənd, Ürgənc, Düşənbə, Lahor, İslamabad, Kişineu, Bağdad və digər əvvəllər mövcud olmayan yeni istiqamətlər açılır. Bununla yanaşı, Barselona, Paris, Cenevrə, Roma, Milan, Praqa, Riqa, Vyana və digər əsas şəhərlər də daxil olmaqla, Avropa istiqamətləri üzrə uçuşlar bərpa edilib.

- Bu gün Bakının hava limanına neçə aviaşirkət uçuş yerinə yetirir və yeni aşağıbüdcəli aviaşirkətlərin cəlb olunması üçün hansı tədbirlər görülür?

Hazırda payız-qış uçuş mövsümündə Heydər Əliyev Beynəlxalq Aeroportundan 70 yaxın şəhərə 36 aviaşirkət uçuşlar həyata keçirir. Biz yeni aviadaşıyıcıları, xüsusilə də aşağıbüdcəli aviaşirkətləri fəal şəkildə cəlb edirik və mövcud olan 36 tərəfdaşımızdan 17-i də məhz bu seqmenti təmsil edir.

Məsələn, baharda Çinin “China Southern” (Urumçi-Bakı-Urumçi) aviaşirkəti bizimlə tərəfdaşlığı bərpa ediblər. May ayında yeni aşağıbüdcəli aviaşirkət “WizzAir Malta” ilə əməkdaşlığa başlamışıq və aviaşirkət həftədə üç dəfə Romadan Bakıya və geriyə uçuşlar yerinə yetirir. “WizzAir” həmçinin Bakı ilə Budapeşt arasında reyslərin sayını artıraraq həftədə 3 reys həyata keçirir, “Wizz Air Abu Dhabi” aviaşirkəti isə Bakı – Əbu-Dabi marşrutu üzrə uçuşların sayını həftədə 14 dəfəyə, “Qatar Airways” isə Bakı-Doha-Bakı reyslərinin sayını 11 dəfəyə çatdırıblar.

Bununla yanaşı, sentyabrda tərəfdaşlarımız sırasına iki yeni aviadaşıyıcı əlavə olunub. Gürcüstanın aşağıbüdcəli aviaşirkəti “Georgian Wings” Tbilisidən Bakıya reyslər yerinə yetirməyə başlayıb və artıq uçuş tezliyini həftədə 5 dəfəyə çatdırıb. Həmçinin, Yunanıstanın “Aegean Airlines” aviadaşıyıcısı Bakı-Afina-Bakı marşrutu üzrə yay mövsumündə həftədə iki dəfə, qışda isə bir dəfə reyslər həyata keçirir. Noyabr ayından etibarən “İraqi Airways” Bakı hava limanına Bağdatdan həftədə 1 dəfə uçuşlar yerinə yetirməyə başlayıb.

Daha sonra, Qazaxıstandan aşağıbüdcəli aviaşirkətlərin də sayı getdikcə artmaqdadır. Almatıdan uçuşlar həyata keçirən “Air Astana” milli aviadaşıyıcısından əlavə, “FlyArystan” aşağıbüdcəli aviaşirkəti Astana və Aktaudan Bakıya uçuşlar yerinə yetirir.

Xüsusi vurğulamaq istirəm ki, artıq Bakıdan uçuşlar yerinə yetirilən populyar istiqamətlərdə yalnız bir aviaşirkətin xidmət göstərdiyi marşrut qalmayıb və beləliklə, sərnişinlərə daha çox seçim imkanı verilib.

- İri aviadaşıyıcılara və regional hava limanlarına əməkdaşlıq üçün hansı şərtlər təklif olunur? Azərbaycanın regional hava limanlarına yeni xarici aviaşirkətlərin cəlb edilməsi üçün konkret təşəbbüslər varmı?

- Bizim əməkdaşlığımız tərəfdaşlıq və qarşılıqlı faydalı münasibətlər prinsiplərinə əsaslanır. Biz tərəfdaşlarımızın ehtiyac və gözləntilərinin təmin edilməsinə xüsusi diqqət yetirərək, nəinki keyfiyyətli yerüstü xidmət və rahatlıq, həm də əməkdaşlıq məsələlərində çeviklik təqdim edirik.

Azərbaycana və Azərbaycanın hüdudlarından kənara marşrut şəbəkəmizi genişləndirməyə çalışırıq. Qeyd edim ki, biz regional hava limanları üçün cəlbedici şərtlər hazırlayır, istismarçılara sərfəli təkliflər təqdim edirik. Bundan əlavə, regional hava limanlarımızın xarici aviaşirkətlər üçün baza hava limanına çevrilməsi istiqamətində fəal işləyirik və bu məqsədlə “Wizz Air”, “Pegasus” və “Flynas” kimi aviaşirkətlər ilə danışıqlar aparılır.

- Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişinlərə və təyyarələrə xidmət tariflərinin yüksək olmasını necə izah edə bilərsiniz?

- Heydər Əliyev Beynəlxalq Aeroportu hər gün 15 mindən çox sərnişinin keçdiyi iri aviasiya qovşağıdır. Yəni bura dünya standartlarına cavab verən daimi xidməti tələb edən kiçik şəhərdir. Hava limanlarında yerüstü xidmətin qiyməti müxtəlif amillərlə hava limanının ölçüsü, infrastrukturun vəziyyəti, xidmətlərin həcmi və digər parametrlərlə müəyyən edilir. Xarici hava daşıyıcıları ilə əməkdaşlıq edərkən keyfiyyətli xidmətin təmin edilməsi üçün bütün bu amillər nəzərə alınır.

Bizim hava limanının “bahalı olmasından” danışanda isə onun miqyasını nəzərə almaq və təkcə regional deyil, həm də dünyanın digər paytaxt hava limanları ilə müqayisə etmək vacibdir. Buna yüksək səviyyəli xidmət nöqteyi-nəzərindən baxsaq və məsələn, Milan, Moskva və ya digər hava limanları ilə müqayisə etsək, onda aydın olar ki, Bakı hava limanı rəqabətqabiliyyətli tariflər təklif edir.

- Bəs nə üçün xarici aviaşirkətlər bizim hava limanını seçməlidirlər?

Bunun üçün bir çox əsaslı səbəblər var. İlk növbədə, əlverişli coğrafi mövqedir- Bakı Hava Limanı bir çox hava yollarının kəsişməsində yerləşir və Avropa, Yaxın Şərq və Asiya arasında uçuşlar üçün əlverişli mərkəz hesab olunur, bu da sərnişinlər üçün rahat və səmərəli transferləri təmin edir.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək təhlükəsizlik standartlarına cavab verir. Sərnişinlər üçün səyahətlərinin bütün mərhələlərində ciddi təhlükəsizlik tədbirləri tətbiq olunur. Onu da qeyd etmək yerinə düşər ki, Bakı hava limanı regionun ən müasir və texnoloji cəhətdən inkişaf etmiş hava limanlarından biridir və yüksək xidmət səviyyəsi ilə seçilir. Yeri gəlmişkən, Heydər Əliyev Beynəlxalq Aeroportu ən iri gövdəli təyyarələri qəbul etməyə hazır olan uçuş-enmə zolağı ilə təchiz edilmiş məhdud sayda dünya hava limanları sırasına daxildir.

Həmçinin, dövlətimiz daima aviasiya sənayesinin inkişafına, hava limanının modernləşdirilməsinə sərmayə yatırır. Bura aviasiya əməliyyatlarının, terminalların genişləndirilməsi, təkmilləşdirilmiş infrastruktur, xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verən yeni texnologiyaların tətbiqi daxildir.

Bir sözlə, xarici aviaşirkətlər üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun seçilməsi coğrafi mövqeyinə, müasir infrastrukturuna, xidmət keyfiyyətinə, inkişaf etmiş uçuş şəbəkəsinə, təhlükəsizliyinə, iqtisadi potensialına və sərnişinlər üçün rahatlığına görə üstündür.

- Bakı hava limanında fiziki olaraq yerləşə biləcək aviaşirkətlərin sayında məhdudiyyət varmı?

Vəziyyəti daha yaxşı anlamaq üçün ölkənin regional hava limanlarından başlayaq, burada xarici aviaşirkətlərin bazalaşması real perspektivdir. Ölkənin regional hava limanlarında, bir qayda olaraq, aviaşirkət orta hesabla 5 təyyarə yerləşdirə bilər.

Bakı hava limanının misalında isə, yeni aviaşirkətlərin baza yerləşməsi imkanları daha mürəkkəbdir və aviaşirkətlərin strateji məqsədləri və marşrut siyasəti kimi bir çox amillərdən asılıdır. Nəzəri olaraq, 10 təyyarədən ibarət donanma ilə hər hansısa bir aviaşirkətin baza yerləşməsi tamamilə mümkündür.

- Bəs Heydər Əliyev Beynəlxalq Aeroportunda infrastruktur sahəsində hər hansısa maraqlı və innovativ layihələr hazırlanır mı?

Bəli, tək uçuş cədvəlində deyil, həm də sərnişinlərin hava limanında rahat keçidinin təmin olunması, səmərəli vaxt keçirməsi istiqamətində də işlər aparılır. Bakı hava limanı bir sıra infrastruktur layihələrinin həyata keçirilməsi və hazırlanması üzrə fəal şəkildə çalışır, bəzilərini isə artıq istifadəyə verib.

Bunlardan biri nəqliyyat vasitələrinin giriş-çıxışı və parklanma xidmətləri üçün proqram və texniki təminatın modernləşdirilməsi ilə əlaqədardır. Artıq ziyarətçilər parklanma haqqını həm ödəniş terminallarında nağd və nağdsız şəkildə, həm də onlayn ödəyə bilirlər. Bu da rahatlığı və səmərəliliyi əhəmiyyətli dərəcədə artırır. Həmçinin, giriş-çıxışda tətbiq olunan yeni sistem nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının avtomatik tanınması texnologiyasına əsaslanır ki, bu isə öz növbəsində, vaxt itkisinin qarşısını alır.

Xüsusilə qeyd edim ki, bu gün hava limanında parkinq yerlərinin ümumi sayı 2 min təşkil edir, gün ərzində əraziyə giriş-çıxış edən nəqliyyat vasitələrinin sayı isə orta hesabla 14 mindir. Əksər parkinq istifadəçiləri qısa müddətə - 2 saata qədər avtomobillərini park edənlərdir. Bəzən parkinq ərazisində sıxlıq yaranır və həmin istifadəçilər parklanma yeri tapmaqda çətinlik çəkirlər. Buna görə də biz hazırda qısamüddətli istifadəçilər üçün parkinq zonasından daha səmərəli istifadəni təmin etməyə çalışırıq. Lakin bununla kifayətlənmirik, gələcəkdə ərazinin daha səmərəli istifadəsi üçün parklanma zonasının genişləndirilməsi və əlavə yerlərin tikintisini də nəzərdə tutmuşuq.

Daha sonra innovativ layihə olan “e-Gate” - minikdən əvvəl təhlükəsizlik baxışı prosesinin avtomatlaşdırılması sistemi artıq tətbiq mərhələsindədir. Sistemin unikallığı ondan ibarətdir ki, sərnişinlər özləri uçuş öncəsi yoxlama zonasına sadəcə minik talonlarını toxundurmaqla daxil ola biləcəklər. Bu sistem vasitəsilə qeyd edilən prosedur sürətlənəcək və təhlükəsizlik nəzarətini daha effektiv olacaq.

Hazırda “Passenger Flow Management System” - hava limanının müxtəlif zonalarında sərnişin axınının monitorinqi və optimallaşdırılması sistemi layihəsi tədqiqat mərhələsindədir. Bu, resursların optimal şəkildə bölüşdürülməsinə və daha yüksək xidmət keyfiyyətinin təmin edilməsinə imkan verən müasir yanaşmadır.

Həmçinin, perspektivdə Heydər Əliyev Beynəlxalq Aeroportunun daxili infrastrukturunun yenilənməsi, gözləmə zallarının, restoran və mağazaların modernləşdirilməsi kimi hədəflər də var. Bütün bu tədbirlər sərnişinlərin Bakı hava limanında vaxtlarını daha rahat və səmərəli keçirməsi məqsədi daşıyır.

- Sağlamlıq imkanları məhdud insanların sosiallaşması və cəmiyyətə uyğunlaşması üçün hava limanında yaradılan şəraitdən də danışa bilərsiniz?

- Əlbəttə, hər bir sərnişinin inklüzivliyi və ehtiyaclarının ödənilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunun ən mühüm vəzifəsidir. Belə ki, bütün terminallar rahatlıq nəzərə alınmaqla layihələndirilmişdir, işçi heyət isə əlavə dəstəyə ehtiyacı olan şəxslərə fərdi xidmət göstərmək üçün təlim keçmişdir.

Qeyd etmək lazımdır ki, Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanında “gözlə görünməyən” əlilliyi olan sərnişinlərə xüsusi yardım göstərən ilk hava limanıdır. Bu layihənin əsas məqsədi xüsusi köməyə ehtiyacı olan insanlar üçün uçuşları daha rahat etməkdir.

- Sonda Heydər Əliyev Beynəlxalq Aeroportunun yaxın illər üçün strateji hədəfləri və prioritetləri barədə nə deyə bilərsiniz?

- Yekun olaraq vurğulamaq istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas strateji məqsədi uçuşların təhlükəsizliyinin, aviaşirkətlərə və sərnişinlərə yüksək keyfiyyətli xidmətin göstərilməsinin təmin edilməsidir.

Yüksək standartlı xidmətin göstərilməsi, uçuş şəbəkəsinin genişləndirilməsi və qabaqcıl texnologiyaların tətbiqi növbəti illərdə Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilən səyahətləri daha rahat və xoş edəcəyini vəd edir.

- Diqqətinizə və vaxt ayırdığınıza görə təşəkkür edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti