...

Qızılca və respirator infeksiyalar: Məktəblərdə virus dalğası, distant təhsilə keçilə bilər?

Cəmiyyət Materials 25 Yanvar 2024 16:12 (UTC +04:00)
Qızılca və respirator infeksiyalar: Məktəblərdə virus dalğası, distant təhsilə keçilə bilər?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin aprel ayından başlayaraq əhali arasında qızılcanın yayılma halları qeydə alınıb. Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.

Bundan əlavə hazırda əhali arasıdna respirator viruslara yoluxma halları baş verir. Əsasən uşaqlar arasında özünü göstərən bu xəstəliklər məktəb və bağça kimi uşaqların, şagirdlərin sıx olduğu yerdə sürətlə yayılır.

Belə olan halda virusun sürətlə yayılmasının qarşısını almaq üçün distan təhsilə keçilə bilər mi?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsil ocaqlarında təhlükəsizliyin, gigiyenik qaydaların təmin edilməsi daha çox məktəb rəhbərliyinin marağında olmalıdır. Məktəb direktoru şagirdlərin təhlükəsizliyini , sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrində baş verən bədbəxt hadisələr, xəstəliklər, yoluxma halları şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir.

"Bir məqamı qeyd edim ki, kütləvi yoluxma halı baş verdikdə məktəbin bağlanması ilə bağlı qərarı Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi verir, Elm və Təhsil Nazirliyi belə qərar verə bilmir.

Bu gün ölkəmizdə 4400-dən çox orta məktəb, 1600-dən çox məktəbəqədər təhsil müəssisəsi var. Təəssüflər olsun ki, bütün təhsil ocaqlarında sanitar normalara əməl olunmur və gigyenik vəziyyət qənaətbəxş deyil. Bununla yanaşı, məktəblərdə ilkin tibbi yardımın göstərilməsi ilə bağlı ciddi pyoblemlər var, məktəblərdəki tibb otaqlarında lazımi avadanlıqlar və preparatlar yoxdur.

Son dövrlər fəsil dəyişikliyi ilə əlaqədar olaraq bəzi xəstəliklərin sayı artıb. Bu xəstəliklərə xüsusilə də, immuniteti zəif olan uşaqlar yoluxur. Əsasən də bu yoluxma məktəbdə bir - biri ilə yaxın təmasda olan şagirdlər arasında daha çox olur. Bunun üçün də məktəb sadəcə, təhsil verməklə kifayətlənməyib, həm də şagirdlərin sağlamlığına cavabdeh olmalıdır.

Hesab edirəm ki, hər gün dərs başlamamışdan öncə şagirdlər tibb bacısının müşaiyəti ilə yoxlanılmalıdır. Bundan başqa, məktəbin tibb otağında ilk olaraq yod, spirt, 3 faizli hidrogen peroksid, sarğı materialları, qanaxmanı saxlamaq üçün elastik juqut, həmçinin təzyiqi ölçmək üçün monometr, tibbi iynələr olmalıdır. Bu saydıqlarım hər hansı bir hadisə baş verdiyi təqdirdə, ilkin yardımı göstərmək üçün istifadə edilir. Dünyanın bir sıra ölkələrində olan məktəblərdə vəziyyət bir az fərqlidir. Belə ki, onların istifadə etdiyi alətlər daha çoxdur. Süni nəfəs vermək üçün aparat, xəstənin boğulma halları olduqda, boğaza salmaq üçün xüsusi formalardan istifadə edilir. Həm də həmin məktəblərdə işləyən tibb bacıları xüsusi təlimlərdən keçirlər", - deyə o, əlavə edib.

Ekspert bildirib ki, əgər qızılca və ya başqa vius təhlükəsi real olarsa, məktəblərin bağlanılması, bir neçə həftəlik tətil elan olunması zəruridir.

"Amma bu halda digər təhsil alma metodlarından istifadə olunması zəruridir. Nəzərə alsaq ki, bayram və buna görə qeyri iş günlərinin sayı çoxdur, bu zaman tədris yükünün yerinə yertirilməsində problemlər olacaq. Düşünürəm ki, məktəblərdə profilaktik qabaqlayıcı tədbirlərin görülməsi daha effektiv olacaq.

Xatırladım ki, fəsil dəyişməsi ilə əlaqədar olaraq, qızılca, suçiçəyi kimi yoluxucu xəstəliklər də təbii olaraq artır, xüsusilə məktəbyaşlıların orqanizmində zəifləmə halları baş verir, adi zamanlarda da müxtəlif infeksiyaların təsiri özünü daha aşkar, geniş şəkildə göstərir. Düşünürəm ki, qızılcanın ayaq açdığı dövrdə 1.5 milyon nəfər şagirdi risk altına almaq olmaz.

Hətta müəyyən müddət dərsləri onlayn formada davam etmək olar. Bu addım tədrisin keyfiyyətinə mənfi təsir etsə də, məktəblərdə bir çox fəsadın qarşısını almış oldu. Təəssüf ki, indi də qızılca xəstəliyi yayılıb. Bu xəstəliyin epidemik və ya pandemiya səviyyəsinə çatmasını heç kim istəməz. Düzü, pandemiya səviyyəsinə qalxması mümkün deyil, amma epidemiya səviyyəsində olacağını da arzu etmirəm, ancaq mütəmadi yoluxma halları müşahidə olunur.

Qanunvericlik aktına, xüsusilə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər", - deyə K. Əsədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti