Bakı. Trend:
Bizim bir neçə variantda inkişaf proqramımız var.
Trend xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov bu gün keçirilən “Dəyişməyən dəyərlər və dəyişən imkanlar” mövzusunda elmi-praktiki konfransda deyib.
O qeyd edib ki, gələcək planlarda Xırdalanda və digər ərazilərdə metro stansiyalarının tikintisi nəzərdə tutula bilər.
“Bakı şəhərənin təsdiqlənmiş baş planında Xırdalanda metro stansiyasının tikilməsi məsələsi yoxdur. Bunu indidən proqnozlaşdırmaq düzgün olmaz”, - deyə o, əlavə edib.
Xatırladaq ki, Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən, güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastrukturlar, kommunal sistemlər, ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirləri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.
Qeyd edək ki, bu gün “Dəyişməyən dəyərlər və dəyişən imkanlar” elmi-praktiki konfransı keçirilib. Konfransda “Bakı Metropoliteni”nin keçdiyi inkişaf yolu və gələcək planlar barəsində məlumatlar verilib. Konfrans işini panel müzakirələrlə davam etdirib.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Bakı Metropoliteni” QSC Müşahidə Şurasının üzvü Samir Məmmədov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov, “Bakı Metropoliteni” QSC-nin İstehsalat-texniki şöbəsinin rəisi Namiq Yusubov və digər rəsmi şəxslər iştirak ediblər.