...

Azərbaycanda tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması qaydası təsdiq edilib

Cəmiyyət Materials 22 İyun 2024 12:22 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası təsdiqlənib.

Trend-in xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Müəyyən edilib ki, Kommunal Xidmətlər Vahid İnformasiya Sistemi fəaliyyətə başlayanadək “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması Qaydası”nda həmin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurlar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yaradılmış informasiya sistemi, habelə birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir.

Yeni Qaydanın təsdiqiylə əlaqədar “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli Qərarı ləğv edilib.

Bu Qərar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1112-VIQD nömrəli Qanununun tətbiqi və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 26 yanvar tarixli 266 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 may tarixli 52 nömrəli Fərmanında nəzərdə tutulmuş tariflərlə eyni gündə qüvvəyə minir.

Bu Qayda aşağıdakı tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir:

- məişət abonentlərinin mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (mövcud şəbəkəyə);

- - sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin;

- sutka ərzində tələb olunan buraxılış həcmi 100 kub- metrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin.

1.1. Su təchizatı və tullantı sularının axıdılması sistemləri (STTSAS) suyu mənbədən götürən, təmizləyən və istehlakçılara çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral (ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsi, həmçinin yaşayış məntəqəsi və sənaye müəssisələrində əmələ gələn tullantı sularını qəbul edən, nəql edən, təmizləyən və kənarlaşdıran şəbəkə və qurğular kompleksidir. Su təchizatı və kanalizasiya müəssisələri (su təchizatı müəssisələri, kanalizasiya müəssisələri) (STKM) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir.

Bu Qayda qüvvəyə minənədək STTSAS-yə qoşulmuş istehlakçıların əlavə su həcmi alması, qoşulma nöqtəsinin dəyişdiril- məsi və ya qoşulma nöqtəsində dəyişikliklər edilməsi hallarına da bu Qaydanın müddəaları şamil edilir. Tikinti obyektlərinin STTSAS-yə qoşulması STKM ilə bağlanılmış ikitərəfli qoşulma müqaviləsi əsasında həyata keçirilir. Qoşulma müqaviləsində dəyişiklik edildikdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilədə də müvafiq dəyişikliklər edilir. Texniki şərt Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllədə nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla verilir.

Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektinin STTSAS-yə qoşulması məqsədilə texniki şərtlərin və layihə sənədlərinin hazırlanması üçün sifarişçi bu Qaydada qeyd olunan məlumatları real vaxt rejimində Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə xidmət nöqtələrində STKM-ə ərizə ilə müraciət edir.

STKM seçilmiş STTSAS-yə qoşulma nöqtəsindən tikinti obyektinə su təchizatı və tullantı su xətlərinin çəkilməsi ilə əlaqədar elektron xəritə üzərindən tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin sərhədindən (girişindən) mövcud STTSAS-yə qoşulma nöqtəsini və həmin nöqtəyədək məsafəni müəyyənləşdirir. Optimal trassanın (yolun) layihəsi STKM-in Sistem vasitəsilə müraciəti əsasında müvafiq yerli icra hakimiyyəti orqanı, Bakı şəhərinin və “Azərbaycan Respublika- sında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazisində isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2 (iki) gün müddətində hazırlanır, xidmətlərin göstərilməsinə dair müqaviləyə uyğun olaraq hesab-faktura təqdim edilir və trassa (yol) Sistemə yerləşdirilir. STKM-in nümayəndəsi həmin gün trassanın (yolun) razılaşdırılması ilə bağlı rəyin alınması tələb olunan qurumları bu Qaydanın 4 nömrəli əlavəsində nəzərdə tutulan orqanların (qurumların) siyahısından müəyyənləşdirərək trassanı (yolu) layihəsi ilə birlikdə Sistem vasitəsilə həmin qurumlara göndərir. Tikinti obyektinin STTSAS-yə qoşulması üçün seçilən trassaya (yola) rəyi tələb olunan qurumlar tərəfindən 3 (üç) gündən gec olmayaraq Sistem vasitəsilə münasibət bildirilir. Həmin qurumlar tərəfindən münasibət bildirilərkən, optimal trassanın (yolun) layihəsinin nəzərə alınması üçün trassanın (yolun) razılaşdırılmasına aid texniki tələblər ayrıca göstərilir. Həmin müddət ərzində münasibət bildirilmədikdə məsələ razılaşdırılmış hesab olunur.

Tikinti obyektinin STTSAS-yə qoşulması üçün seçilən trassa (yol) razılaşdırıldıqdan sonra STKM tərəfindən texniki şərtlərin hazırlanması yekunlaşır, qoşulma xidmətinə görə ödəniş hesablanır, qoşulma müqaviləsi hazırlanır və Sistemə yerləşdirilir. STKM qoşulma müqaviləsinin bağlanılması zərurəti və qoşulma xidmətinə görə ödənişin həyata keçirilməsi ilə bağlı sifarişçiyə onun müraciət üsuluna uyğun olaraq (SMS, Sistem, xidmət nöqtələri, yaxud sifarişli poçt göndərişi vasitəsilə) müvafiq məlumatları təqdim edir.

Sifarişçi qoşulma müqaviləsini Sistem vasitəsilə və ya xidmət nöqtələrindəki STKM-in nümayəndələrinə müraciət edərək imzalayır. Qoşulma müqaviləsi bağlanıldıqdan sonra sifarişçi tərəfin- dən qoşulma xidmətinə görə ödəniş təmin olunur. Sifarişçi qoşulma xidmətinə görə ödənişi Sistem vasitəsilə (yaxud ona verilən unikal kod vasitəsilə ödəniş terminalında) STKM-in bank hesabına köçürür və ya vəsaitin köçürülməsini təsdiq edən sənəd barədə məlumatların Sistemə daxil edilməsi məqsədilə xidmət nöqtələrindəki STKM-in nümayəndələrinə təqdim edir. Qoşulma müqaviləsi bağlanıldıqdan və sifarişçi tərəfindən ödəniş həyata keçirildikdən sonra ona müraciət üsuluna uyğun olaraq (Sistem və ya xidmət nöqtələri) texniki şərtlər Sistemdə yerləşdirilir və ya təqdim edilir, bundan sonra STKM tərəfindən ən geci 10 (on) gün müddətində layihə sənədləri hazırlanır. Sənədlərin hazırlanması prosesi çərçivəsində tikinti obyektinə yerində baxış zamanı sifarişçinin cəlb edilməsi nəzərdə tutulmur. Sifarişçi texniki şərtlərdə qeyd olunan qoşulmaya dair tələblərin yerinə yetirilməsinə görə məsuliyyət daşımır.

1.2. Layihə sənədləri hazırlandıqdan sonra müəyyən edilmiş müddət gözlənilməklə texniki şərtlərə və layihə sənədlərinə əsasən tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən STTSAS-yə qoşulma nöqtəsinədək su təchizatı və tullantı su xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini STKM həyata keçirir. Bu zaman sifarişçi qoşulma xidmətinə görə ödənişdən əlavə heç bir ödəniş etmir. Tikinti obyektlərinin STTSAS-yə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafədən 30,0 metrədək olduqda tələbata uyğun boru diametri ilə, STTSAS-nin genişləndirilməsinə zərurət olub-olmamasından asılı olmayaraq bu Qaydada müəyyən edilmiş müddətdə, 30,0 metrdən artıq olduqda isə ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq şəbəkələrin genişləndirilməsi yolu ilə tikinti layihəsinin “Tikinti işlərinin təşkili bölməsi”ndə nəzərdə tutulmuş müddətlərdə həyata keçirilir. Mövcud şəbəkələrin genişləndirilməsi ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq su təchizatı və kanalizasiya müəssisəsinin investisiya proqramına əsasən təmin olunur.

Çoxmənzilli yaşayış binalarının STTSAS-yə qoşulması üçün ümumi texniki şərtlərin verildiyi və həmin texniki şərtlərin tələblərinin icra olunduğu nəzərə alınaraq həmin binalarda yerləşən mənzillərin, həmçinin yaşayış binası üçün verilmiş texniki şərtdə nəzərdə tutulan, həmin yaşayış binasının qeyri-yaşayış sahələrinin STTSAS-yə qoşulması üçün ayrıca texniki şərtlərin və su təchizatı və tullantı suların axıdılması sisteminin layihəsinin alınması, həmçinin qoşulma xidmətinə görə ödəniş tələb olunmur. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin STTSAS-yə qoşulması üçün texniki şərtlərin və layihə sənədlərinin verilməsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq tikintiyə icazə verən orqanın (qurumun) sorğusu əsasında şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Sorğuya tikinti ərazisinin baş planı, obyektin istismarı üçün mühəndis-kommunikasiya təminatına dair tələbat göstəriciləri barədə sənədlər əlavə edilir. Bu zaman tikinti obyektlərinin STTSAS-yə qoşulması üçün texniki şərtlərin və layihə sənədlərinin verilməsinin təmin edilməsi bu Qaydada Sistem vasitəsilə icra olunan prosedurlara uyğun olaraq həyata keçirilir. Tikintiyə icazə icraatı çərçivəsində texniki şərtlər tikintiyə icazənin qüvvədə olduğu və ya qüvvədəolma müddətinin uzadıldığı müddətə verilir. Bu müddətdə sifarişçi ilə STKM arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanılmadıqda, verilmiş texniki şərtlər qüvvədən düşmüş hesab edilir.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox olan mövcud və ya inşa ediləcək tikinti obyektinin STTSAS-yə qoşulması məqsədilə texniki şərtlərin və layihə sənədlərinin hazırlanması üçün sifarişçi məlumatları real vaxt rejimində Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə xidmət nöqtələrində STKM-ə ərizə ilə müraciət edir.

1.3. STKM seçilmiş STTSAS-yə qoşulma nöqtəsindən tikinti obyektinə su təchizatı və tullantı su xətlərinin çəkilməsi ilə əlaqədar elektron xəritə üzərindən tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin sərhədindən (girişindən) mövcud STTSAS-yə qoşulma nöqtəsini və həmin nöqtəyədək məsafəni müəyyənləşdirir. Optimal trassanın (yolun) layihəsi STKM-in Sistem vasitəsilə müraciəti əsasında müvafiq yerli icra hakimiyyəti orqanı, Bakı şəhərinin və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazisində isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2 (iki) gün müddətində hazırlanır, xidmətlərin göstərilməsinə dair müqaviləyə uyğun olaraq hesab-faktura təqdim edilir və sonra trassa (yol) Sistemə yerləşdirilir. STKM-in nümayəndəsi həmin gün trassanın (yolun) razılaşdırılması ilə bağlı rəy alınması tələb olunan qurumları bu Qaydanın 4 nömrəli əlavəsində nəzərdə tutulan orqanların (qurumların) siyahısından müəyyənləşdirərək trassanı (yolu) layihəsi ilə birlikdə Sistem vasitəsilə həmin qurumlara göndərir. Tikinti obyektinə STTSAS-yə qoşulması üçün seçilən trassaya (yola) rəyi tələb olunan qurumlar 3 (üç) gündən gec olmayaraq Sistem vasitəsilə münasibət bildirirlər. Həmin qurumlar tərəfindən münasibət bildirilərkən optimal trassanın (yolun) sxeminin nəzərə alınması üçün trassanın (yolun) razılaşdırılmasına aid texniki tələblər ayrıca göstərilir. Həmin müddət ərzində münasibət bildirilmədikdə məsələ razılaşdırılmış hesab olunur. Texniki şərtlər sifarişçinin müraciət etdiyi tarixdən etibarən 10 (on) gündən gec olmayaraq verilir. STTSAS-yə qoşulması üçün seçilən trassa (yol) razılaşdırıldıqdan sonra (sifarişçinin seçiminə əsasən STKM tərəfindən icra olunacağı təqdirdə) STKM tərəfindən texniki şərtlərin hazırlanması yekunlaşır, qoşulma xidmətinə görə ödəniş hesablanır, qoşulma müqaviləsi hazırlanır və Sistemə yerləşdirilir. STKM qoşulma müqaviləsinin bağlanılması zərurətini və qoşulma xidmətinə görə ödənişin həyata keçirilməsi ilə bağlı sifarişçiyə onun müraciət üsuluna uyğun olaraq (SMS, Sistem, xidmət nöqtələri, yaxud sifarişli poçt göndərişi vasitəsilə) müvafiq məlumatları təqdim edir. Sifarişçi qoşulma müqaviləsini Sistem vasitəsilə və ya xidmət nöqtələrindəki STKM-in nümayəndələrinə müraciət edərək imzalayır. Qoşulma müqaviləsi bağlanıldıqdan sonra Sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş təmin olunur. Sifarişçi qoşulma xidmətinə görə ödənişi Sistem vasitəsilə (yaxud ona verilən unikal kod vasitəsilə ödəniş terminalında) STKM- in bank hesabına köçürür və ya vəsaitin köçürülməsini təsdiq edən sənəd barədə məlumatların Sistemə daxil edilməsi məqsədilə xidmət nöqtələrindəki STKM-in nümayəndələrinə təqdim edir. Sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş 3 (üç) gün müddətində təmin olunmadıqda sifarişçinin öz müraciətini geri götürmüş hesab edilir. Bu barədə sifarişçinin müraciət üsuluna uyğun olaraq (SMS, Sistem, xidmət nöqtələri, yaxud sifarişli poçt göndərişi vasitəsilə) ona müvafiq məlumat verilir. Sifarişçi tikinti obyektinin STTSAS-yə qoşulması ilə bağlı yenidən müraciət etmək hüququna malikdir. STTSAS-yə qoşulma sifarişçinin seçiminə əsasən podratçı təşkilatlar tərəfindən icra olunarsa, bu Qaydada müəyyən edilmiş müddətdə texniki şərtlərin hazırlanması yekunlaşır, fiziki qoşulmanın həyata keçirilməsi üçün qoşulma müqaviləsi hazırlanır və Sistemə yerləşdirilir. STKM qoşulma müqaviləsinin bağlanılması zərurətini və fiziki qoşulmaya görə ödənişin həyata keçirilməsi ilə bağlı sifarişçiyə onun müraciət üsuluna uyğun olaraq (SMS, Sistem, xidmət nöqtələri, yaxud sifarişli poçt göndərişi vasitəsilə) müvafiq məlumatları təqdim edir. Sifarişçi qoşulma müqaviləsini Sistem vasitəsilə və ya xidmət nöqtələrindəki STKM-in nümayəndələrinə müraciət edərək imzalayır. Qoşulma müqaviləsi bağlanıldıqdan sonra sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş təmin olunur. Sifarişçi fiziki qoşulma xidmətinə görə ödənişi Sistem vasitəsilə (yaxud ona verilən unikal kod vasitəsilə ödəniş terminalında) STKM-in bank hesabına köçürür və ya vəsaitin köçürülməsini təsdiq edən sənəd barədə məlumatların Sistemə daxil edilməsi məqsədilə xidmət nöqtələrindəki STKM-in nümayəndələrinə təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti