Bakı. Trend:
Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığına həsr olunmuş “Qarabağ Mirası Təsviri İncəsənətdə” adlı sərgi keçirilib.
Trend xəbər verir ki, tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov xalqımızın azadlıq və ərazi bütövlüyü uğrunda apardığı mübarizəni vurğulayıb və incəsənətin Azərbaycan həqiqətlərinin, şanlı qələbəmizin təbliğindəki roluna diqqət çəkib:
“Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 44 günlük müharibədə əldə etdiyimiz zəfərin və bütövlükdə Azərbaycanın uğurlarının memarıdır. Bu qələbə yalnız 44 günün məhsulu deyil. Uzun müddət ərzində Azərbaycan Prezidenti ölkə iqtisadiyyatını inkişaf etdirərək, beynəlxalq müstəvidə mövqelərimizi gücləndirib, müttəfiqlərin sayını artırıb və milli maraqlarımızı müdafiə edib.
Azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Ermənistan 30 il ərzində yalnız torpaqlarımızı işğal etmədi, həm də bölgənin mədəni tarixinə qarşı soyqırımı törətdi. Onlar yaxşı bilirdilər ki, bölgədəki tarixi abidələr Qarabağın Azərbaycan tarixinə qatdığı ən qiymətli sərvətlərdir. Ermənilərin vandalizminə məruz qalan ərazilərdən biri Şuşa şəhəridir. Burada xeyli tarixi və mədəni abidələr məhv edilib, o cümlədən Şuşa şəhərinin tarixi muzeyi, Üzeyir Hacıbəyov, Bülbül, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, Rəsm Qalereyası və digər tarixi binalar dağıdılıb. İşğal dövründə ermənilər 550 qədim yaşayış binasını sökərək şəhərin ümumi görünüşünü xeyli zədələyiblər. Məhv edilən 210 tarix və mədəniyyət abidəsi Azərbaycanın dövlət qeydiyyatında olan abidələrdir. Ermənilərin vandalizminə məruz qalan abidələrdən biri də Molla Pənah Vaqifin məqbərəsidir ki, yalnız uçuq sütunları qalmışdı. Şuşa işğaldan azad edildikdən sonra dövlət başçısının məqbərənin bərpası ilə bağlı verdiyi tapşırıqdan sonra tez bir zamanda təmir-bərpa işləri aparılmış və məqbərə əvvəlki vəziyyətinə qaytarılmışdır. Ənənəvi Vaqif Poeziya Günləri də artıq hər il məqbərənin önündə keçirilir.
Bu gün burada rəssam Nigar Helminin “Qarabağ Mirası Təsviri İncəsənətdə” mövzusuna həsr olunmuş sərgi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan şanlı zəfərimizə həsr olunub. Sərgini açıq elan edirəm.”
Sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili və Əsilzadələr Məclisinin katibi, Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-tədqiqatçı Sayman Aruz çıxış edərək milli tariximizin və 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin, bu qələbələrin təbliğində mədəniyyətimizin və incəsənətimizin rolundan bəhs ediblər. Hər iki çıxışçı rəssam Nigar Helmi Abbasbəylinin əsərlərinin milli tariximizin və qan yaddaşımızın yaşadılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Sonda çıxış edən rəssam Nigar Helmi Abbasbəyli iştirakçılara təşəkkürünü bildirib, uşaqlıq xatirələrindən, milli tariximizlə bağlı şahidi olduğu ağrılı məqamlardan və apardığı tarixi araşdırmalardan bəhs edib. Rəssam qeyd edib ki, zəngin tariximizin, xüsusilə də ermənilərin 200 il ərzində Azərbaycan xalqına qarşı törətdiyi faciələrin daha dərindən araşdırılması və bu araşdırmaların nəticələrinə əsaslanan fundamental əsərlərin yaradılması ehtiyacı var.
Tədbirin sonunda polkovnik Cəlil Xəlilov rəssam Nigar Helmi Abbasbəylini Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının xüsusi mükafatı ilə təltif edib və xatirə şəkli çəkilib.
Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin siyasi sənədlər arxivinin müdiri Elmira xanım Ələkbərova, Milli Qəhrəman Ramiz Qasımovun həyat yoldaşı Günel xanım və övladları, şəhid Telman Kəlbəliyevin həyat yoldaşı Günay xanım və digər qonaqlar iştirak edib.