Bakı. Trend:
Hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7170 cinayət faktı aşkarlanmışdır.
Trend xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.
Məlumata görə, onlardan 2228-i narkotik vasitələrin satışı, 4736-sı narkotik vasitələrin əldə edilib saxlanılması, 202-si narkotik tərkibli bitkilərin əkilib becərilməsi, 4-ü isə digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 092 kq 868,748 qr narkotik vasitələrin və psixotrop maddələrin 471 kq 204,959 qr-nı heroin, 4 ton 178 kq 838,75 qr-nı marixuana, 127 kq 993,641 qr-nı tiryək, 30 kq 959,401 qr-nı həşiş, 164 kq 202,097 qr-nı psixotrop maddələr, 119 kq 669,9 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 14768 ədəd metadon, 12621 ədəd çətənə kolu, 44 qr və 240 ədəd güclü təsir edən maddə dövriyyədən götürülüb.
Dövriyyədən çıxarılmış 5 ton 092 kq 868,748 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 120 milyon 733 min AZN kimi qiymətləndirilir.