Bakı.Trend:
Bu gün media sahəsi də daxil olmaqla, ölkəmizin ictimai-siyasi həyatı üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirəsinə toplaşmışıq. Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı informasiya təhlükəsizliyi üçün yeni texnoloji təhdidlərə də səbəb olur.
Trend xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov Mətbuat Şurasının təşəbbüsü ilə “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
"İnformasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi, ölkəmizin informasiya mühitinin çirkləndirilməsi hallarının qarşısını almaqla yanaşı, eyni zamanda medianın və bütövlükdə jurnalistikanın peşəkarlıq səviyyəsinin artırılması müasir dövrün vacib çağırışlarındandır. Bu baxımdan Mətbuat Şurasının məhz belə aktual mövzuda tədbir keçirmək təşəbbüsü diqqətəlayiqdir.
Biz bu konfransı üç ay bundan öncə başa çatmış ikinci Şuşa Qlobal Forumunun məhsuldar müzakirələrindən irəli gələn məsələlərin diqqətdə saxlanılması, Şuşadan bütün dünyaya səsləndirilmiş vacib media mesajlarının davamı kimi qiymətləndiririk.
Bildiyiniz kimi, Azərbaycanın müstəqillik tarixinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyev tərəfindən senzuranın ləğvi ictimai fikir tariximizdə yeni bir mərhələ kimi dəyərləndirilir. Ulu Öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində müstəqil Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış və bunun parlaq nümunəsi 1998-ci ildə senzuranın ləğvi olub.
Ulu Öndər Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyət həyatında medianın rolunu yüksək qiymətləndirərək demokratik, müstəqil medianın inkişafına əlverişli şərait yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib", - o qeyd edib.
Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazandığımız qalibiyyət medianın da inkişafına impuls vermiş, yeni mərhələnin başlanmasını şərtləndirmişdir.
"Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyulub.
Medianın İnkişafı Agentliyinin yaradılmasına da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsi kimi yanaşmaq lazımdır. Agentliyin nizamnaməsində kifayət qədər geniş spektri əhatə edən fəaliyyət istiqamətləri öz əksini tapıb. Belə ki, Agentlik media subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, habelə cəmiyyətin media savadlılığının yüksəldilməsi istiqamətində fəaliyyət göstərir.
Prezident İlham Əliyevin tərəfindən 2022-ci ilin fevralında imzalanmış və Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilən “Media haqqında” Qanunun məqsədi isə ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.
Ümumiyyətlə, medianın cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması, demokratik dəyərlərə hörmətin bir hissəsi kimi fundamental hüquq olan düzgün informasiya almaq hüququnun realizəsi, bu yolla ictimaiyyət və media arasında qarşılıqlı etimadın artırılması dövlətin əsas məqsədlərindəndir", - sədr əlavə edib.
Əhməd İsmayılov onu da qeyd edib ki, media islahatları zəngin ənənələri olan Azərbaycan mətbuatının simasını müasirləşdirərək onun yeni inkişaf mərhələsinə qədəm qoymasına təkan vermiş, ictimai rəydə jurnalistin nüfuzunun artırılması yönündə ciddi nəticələrə səbəb olmuş və ilk dəfə olaraq cəmiyyətin media savadlılığının yüksəldilməsi kimi strateji kurs həyata keçirərək, sistemli, konseptual yanaşma sərgiləmişdir.
"Vətən Müharibəsindəki parlaq qələbəmizin Azərbaycanın media landşaftının yeni inkişaf təmayüllərinin formalaşmasına, habelə dünyanın müasir media mənzərəsinə yönləndirici təsir göstərən trendlərin mötəbər formatda müzakirəsinə müsbət təsirləri barədə danışarkən artıq ənənə halını almış Şuşa Qlobal Media Forumunun əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.
İlk dəfə 2023-cü ildə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” devizi altında keçirilmiş forumda ənənəvi medianın rolu və bundan sonrakı fəaliyyət istiqamətləri üzrə dərin müzakirələr aparılmışdır. 2024-cü ildə baş tutmuş forum isə yalnız media deyil, ictimai-siyasi və informasiya təhlükəsizliyi baxımdan aktuallıq kəsb edən mövzuya “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə”yə həsr olunmuşdu.
Forumda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, media ekspertləri çağdaş dünyada dezinformasiya barədə əhatəli təsəvvürün formalaşdırılması, onun səbəb olduğu genişmiqyaslı neqativ nəticələrin təhlili və onunla mübarizədə ən effektiv həll yollarının müəyyənləşdirilməsi, həmçinin dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər, media savadlılığı, süni intellektin reallığa, mediaya təsiri, iqlim hərəkatında medianın rolu və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışdılar.
Panel sessiyalarda rəqəmsal əsrdə dezinformasiyanın yaratdığı problemləri həll etmək üçün innovativ metodların tətbiqi və proaktiv strategiyaların araşdırılması, bu istiqamətdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi ilə bağlı müzakirələr aparılmışdı", - o deyib.
Media sədrinin fikrincə, dünya jurnalistlərinin beyin mərkəzi kimi formalaşmış Şuşa Qlobal Media Forumlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsən iştirak etməsi, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırması dövlətimizin haqq səsinin dünyaya çatdırılması baxımından əlamətdar hadisə olmaqla yanaşı, eyni zamanda başlıca vəzifəsi cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək olan mediaya diqqət və qayğının müstəsna təzahürüdür.
"Prezident İlham Əliyev öz çıxışlarında dövlətçilik tariximizdə yeni dövrün başlandığını dəfələrlə bildirərək xüsusi vurğulamışdır ki, güclü Azərbaycan həmişə bizim hədəfimiz olub. Dövlət başçısı növbəti illərdə dövlətin qarşısında duran əsas vəzifələrdən biri kimi Ordumuzun, Silahlı Qüvvələrimizin daha da gücləndirilməsini ön planda qeyd etməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilərək iqtisadi inkişafın yeni bir dayaq nöqtəsi olacağını vurğulayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimindəki çıxışı zamanı dövlətin inkişafının yeni mərhələsində daim diqqətdə saxlayacağı istiqamətlər çərçivəsində vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi və azərbaycançılıq ideologiyasının gələcək perspektivlərini nəzərdə tutaraq xalqımızın həmrəyliyini uğurlarımızın əsası kimi göstərmişdir.
Hesab edirik ki, Prezident İlham Əliyevin sələndirdiyi fikirlər cəmiyyəti ictimai məzmunlu informasiya ilə təmin etmək kimi vacib funksiya yerinə yetirən medianın fəaliyyətində başlıca prioritet və istinad mənbəyidir. Bu baxımdan əminik ki, bugünkü konfransda səsləndiriləcək fikirlər də öz ictimai məzmun və əhəmiyyətinə görə medianın peşəkar fəaliyyətinə öz əhəmiyyətli töhfəsini verəcəkdir", - Ə. İsmayılov vurğulayıb.