Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Yevlax Rayon İcra Hakimiyyətinin rəsmilərinin, Azərbaycanda səfərdə olan Rusiya Elmlər Akademiyasının Aqroekologiya Federal Elmi Mərkəzinin nümayəndələrinin və rayon ictimaiyyətinin iştirakı ilə Yevlax rayonu ərazisində bir sıra tədbirlər təşkil olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Yevlax rayonu Cırdaxan meşəbəyliyinin əvvəllər zərərverici və xəstəliklərə yoluxaraq qurumuş 30 hektar ərazisində aparılan meşəbərpa tədbirlərinə qatılıb. Sözügedən ərazidə ümumilikdə, 4700 ədəd Şərq çinarı və qara şam ağacı əkilib.
Qeyd edilir ki, 30 hektar sahəni əhatə edən ərazinin artıq 27
hektarında meşə əkini işləri yekunlaşıb, növbəti günlərdə qalan
ərazidə də Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları
tərəfindən meşəbərpa tədbirləri davam etdiriləcək.
Daha sonra iqlim dəyişmələrinin meşə bitkilərinə təsirinin
araşdırılması məqsədilə Meşələrin İnkişafı Xidməti ilə Rusiya
Elmlər Akademiyasının Aqroekologiya Federal Elmi Mərkəzi arasında
bu il imzalanmış meşə təsərrüfatının təkmilləşdirilməsi
çərçivəsində elmi-praktik əməkdaşlıq haqqında Memoranduma uyğun
olaraq Kür-Araz ovalığında və Samur çayının Azərbaycan və Rusiya
hövzələri ətrafındakı meşələrdə aparılan elmi-tədqiqat işləri
ətrafında müzakirələr aparılıb.
Tədbir iştirakçıları oduncağın əvəzedicisi olan tullantılardan
hazırlanmış pelet xammalının istehsalı prosesinə baxış keçirib.
Alternativ yanacaq növü olan pelet xammalının hazırlanması və
sobalarda yanma prosesi nümayiş etdirilib.
Yekunda Kür çayının hövzəsinə 32000 ədəd balıq körpəsi buraxılaraq
onların təbii artımına və bərpasına dəstək göstərilib.