Bakı. Trend:
Mürəkkəb nitq qüsurlarının yaranma səbəbləri müxtəlifdir və fərqli xüsusiyyətlərə malikdir.
Trend xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da loqoped Aygün Ələkbərova açıqlayıb.
Onun sözlərinə görə, mürəkkəb nitq qüsurları anadangəlmə və sonradan qazanılan ola bilər:
“Yaranma səbəblərinə nitq aparatının üzvi patologiyaları və ya nitqə təsir edə biləcək sosial-psixoloji amillər aid edilir. Ağır nitq qüsurunun yaranma səbəblərini (uşaqlarda, yaxud böyüklərdə) yalnız mütəxəssislər müəyyən edə bilərlər. İlk şübhələr yarandıqda loqopedə və ya həkimə müraciət etmək vacibdir, çünki erkən müraciət gələcəkdə aparılan korreksiya işləri zamanı daha müsbət nəticə verə bilər”.
A.Ələkbərova bildirib ki, mürəkkəb nitq qüsuru zamanı nitqin bütün tərəfləri pozula ola bilər:
“Nitqin hərəkətliyi, aktivliyi, nitqin qrammatik, leksik tərəfinin normaya uyğun olmaması, səs tələffüzünün təhrifinin, məhdud təfəkkürün, təxəyyülün olması, ünsiyyət bacarıqlarının olmaması, yazı və oxu çətinlikləri ilə müşahidə oluna bilər. Mürəkkəb nitq qüsurları loqopedik klassifikasiyasına aiddir”.
Loqoped sonda qeyd edib ki, mürəkkəb nitq qüsurları deyərkən alaliya, dizartriya, rinolaliya, kəkələmə, afaziya kimi nitq qüsurları aid edilir.