Bakı. Trend:
Əgər uşaq iti və ya kəsici əşya udubsa, dərhal həkimə müraciət etmək lazımdır.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Umud Musayev açıqlayıb.
Onun sözlərinə görə, uşaq özünü yaxşı hiss edə bilər, lakin bu
heç də o demək deyil ki, təhlükə yoxdur.
“Həkimə qədər uşağı uzandırıb, yemək və maye vermək olmaz.
Batareyalar da (xüsusilə diskşəkilli) çox təhlükəlidir. Mədənin
turş mühitinə düşdükdə onlar ziyanlı maddələri buraxmağa başlayır
ki, nəticədə mədənin kimyəvi yanığına səbəb olur. Bu halda da uşağı
dərhal həkimə çatdırmaq lazımdır. Udulan maqnitlər də çox ağır
pozuntulara səbəb olur. Məsələn, mədə-bağırsaq divarların
yırtılması, daxili qanaxmalar və s. Hazırda uşaqlar üçün
maqnitlərlə olan xüsusi ağıllı oyuncaqlar istehsal edilir. Bu
oyuncaqları kiçik yaşlı uşaqlara almağı məsləhət görmürük”.
U.Musayev bildirib ki, nisbətən iri və ağır əşyaların (misal üçün, dəmir kürəciklər, iri dəmir pul və s.) udulması uşağın səhhəti və hətta həyatı üçün ciddi təhlükə yaradır:
“Müəyyən müddət ərzində burada qaldıqda, bu əşyalar mədə-bağırsaq traktının divarını yırta, bu uşağın həyatı üçün təhlükəli olan daxili qanaxmaya səbəb ola bilər. Məhz bu səbəbdən, uşağın mədə-bağırsaq traktına yad cisim düşdükdə, mütləq onun buradan çıxıb-çıxmadığına fikir verin. Bunun üçün uşağın hər nəcis ifrazına nəzarət etmək lazımdır. Əgər uşaq unitazdan istifadə edirsə, bir müddət ərzində onu güvəcə otuzdurun. Beləliklə, uşaq iti, kəsici, iri və ağır əşyanı, batareyanı, maqniti udubsa, dərhal həkimə müraciət edilməlidir”.