Zəngilan. Trend:
Tullantıların toplanması üçün konteynerlər müəyyən olunub və 60-a qədər xüsusi texnika cəlb olunub.
Bunu bu gün Zəngilan şəhərində İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclası çərçivəsində Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov deyib.
O bildirib ki, "Təmiz Şəhər" ASC tərəfindən antiterror əməliyyatından sonra azad olunmuş ərazilərdə tərk edilmiş binalarda tullantılar üçün konteynerlər cəlb edilib. O həmçinin qeyd edib ki, Şuşada yeraltı konteynerlər yaradılmağa başlayıb, çeşidlənə bilən tullantıların 4 növdə çeşidlənməsi nəzərdə tutulub.
"İşğaldan azad edilmiş ərazilərdə tullantıların idarə olunmasında regional strategiya layihəsi hazırlanıb və təkmilləşmə mərhələsindədir. Bu ərazilərdə məlum məsələ ilə bağlı müxtəlif nəzarət tədbirləri də həyata keçirilir. İstirahət və müxtəlif məqsədlər üçün səfər edən şəxslər tərəfindən ətraf mühitin çirkləndirilməsi faktları da mövcuddur. Mən təklif edirəm ki, hər bir təşkilat tullantıların yığılmasında, idarəsində öz üzərinə düşən vəzifəni yerinə yetirsin. Əks halda müvafiq tədbirlər həyata keçirilməlidir", - o bildirib.