Bakı. Trend:
Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş məhkumun xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi haqqında məsələyə o cümlədən Ombudsmanın təqdimatı əsasında baxılması ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi məqsədəmüvafiqdir.
Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə ilə bağlı məsələyə də habelə Ombudsmanın vəsatəti əsasında baxılmasına dair qanunvericiliyə zəruri dəyişikliyin edilməsi təklif olunur.
Qeyd edək ki, Cinayət-Prosessual Məcəlləyə əsasən, məhkumun cəza çəkməkdən azad edilməsi haqqında məsələyə yalnız məhkumun, onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin ərizəsi, yaxud cəzaçəkmə müəssisəsi müdriyyətinin təqdimatı əsasında baxılır. Cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə yalnız məhkumun ərizəsi, habelə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur.