...

Təbii mineral sulara dair sanitariya qaydaları təsdiqlənib

Cəmiyyət Materials 11 İyun 2025 10:52 (UTC +04:00)
Təbii mineral sulara dair sanitariya qaydaları təsdiqlənib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Təbii mineral sulara dair sanitariya norma və qaydaları təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli müvafiq qərar imzalayıb.

Qərara əsasən, mikrobioloji göstəriciləri baxımından təmiz, hər hansı çirklənməyə məruz qalmayan, yeraltı yataqlardan hasil edilən və ya təbii yolla süxurlardan çıxan mineral komponentlərlə zəngin olan (sonradan tərkibinə əlavə mineral komponentlər əlavə edilməyən) təbii su təbii mineral su hesab ediləcək.

Təbii mineral sular dəyişməyən mineral və mikroelement tərkibi baxımdan, mikrobioloji cəhətdən təmiz və sabit temperatura malik olması ilə içməli sudan fərqlənir və mühafizə zonasına uyğun olaraq çirklənmə riski yaradacaq mənbələrdən mühafizə edilir.

Qablaşdırılmış təbii mineral suyun mineral tərkibi, temperaturu, elektrik keçiriciliyi və xarakterik xüsusiyyətləri mövsümlə əlaqədar təbii kənaraçıxmalar nəzərə alınmaqla yatağındakı su ilə eyni olmalıdır.

Dezinfeksiya aparılması və bakteriostatik elementlərin əlavə edilməsi və ya təbii mineral suyun canlı mikroorqanizm koloniyası sayını dəyişdirə biləcək digər prosedurların aparılmasına yol verilməyəcək.

Təbii mineral sulardan alkoqolsuz içkilərin hazırlanmasına yol veriləcək.

Təbii mineral suyun qablaşdırılmasında aşağıdakı tələblərə cavab verən çoxdəfəlik və birdəfəlik qablaşdırmadan istifadə olunacaq:

  • çoxdəfəlik qablaşdırmalar ən az 55-700C temperaturda su və təmizləyici vasitə ilə əllə toxunmadan tam avtomatik yuyula bilən, istifadə və yuyulma nəticəsində deformasiyaya uğramayan keyfiyyətdə olmalıdır;
  • çoxdəfəlik polikarbonat qablaşdırmalarda suyun adı və qabın istehsal tarixi qabın istehlakçıya görünən hissəsində qabarıq şəkildə yazılmalıdır;
  • çoxdəfəlik polikarbonat qablaşdırmalarda şirkət adı, əmtəə nişanı yazılmasına da yol verilir. Bu qablar hər hansı mineral suyun qablaşdırılması üçün istifadə olunduğu halda həmin qablar digər fərqli su və ya içkinin qablaşdırılmasında istifadə oluna bilməz;
  • çoxdəfəlik polikarbonat qablaşdırmalarda satışı həyata keçirilən mineral suların yararlılıq müddəti 3 aydan artıq olmamalıdır;
  • birdəfəlik qablaşdırmalar təkrar olaraq mineral suların qablaşdırılmasında istifadə edilməməlidir.

Təbii mineral sularda polikarbonat bidon istifadə edildikdə istehlakçını yanıldan halların baş verməməsi və məhsulun təhlükəsizliyinin təmin edilməsi üçün qablaşdırma və qapaq üzərinə hava və su keçirməyən şəkildə şrink vurulacaq.

Təbii mineral suların etiketində suyun adı, suyun növü, miqdarı (həcmi), suyun çıxarıldığı yatağın adı və yerləşdiyi ünvanı, saxlanma şərtlərinə dair xəbərdarlıqlar, etiket məlumatlarının oxunmasına mane olmayan formada şəkil və fiqur, suya tətbiq olunan proseslər (o cümlədən, dekantasiya (süzmə)), təbii mineral suyun tərkibindəki anion və kation tərkibi (flüor, bikarbonat, xlorid, sulfat, kalsium, kalium, natrium və dəmir), istehsal tarixi və son istifadə müddəti və ya yararlılıq müddəti göstərilməlidir.

Təbii mineral suyun adı suyun mənbəyinin adını və ya suyun çıxarıldığı mənbənin yerləşdiyi yeri əks etdirmədiyi halda, suyun çıxarıldığı mənbənin adı və ya suyun mənbəyinin yerləşdiyi yerin adı suyun adının yazıldığı sahədə göstərilməlidir.

Məlumat üçün bildirək ki, qərar mayın 20-də qəbul edilib, iyunun 4-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, noyabrın 20-də qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti