Bakı. Trend:
Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Gömrük Komitəsi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) müvafiq bölmələri ilə əməkdaşlıq çərçivəsində xüsusi təhlükəli infeksiyalara qarşı fövqəladə hallar zamanı operativ fəaliyyətin sınaqdan keçirilməsinə yönəlmiş praktiki təlim təşkil olunub.
Təlimin əsas məqsədi aidiyyəti dövlət qurumları ilə hava limanı xidmətləri arasında koordinasiyanı gücləndirmək, eləcə də infeksiya riski yarandığı halda çevik, təhlükəsiz və beynəlxalq standartlara uyğun reaksiyanı təmin etməkdir.
Ssenariyə uyğun olaraq təlim iki mərhələdən ibarət olub. Birinci mərhələ sərnişin terminalının “Gəlmə” zalında həyata keçirilib. Bu simulyasiyada infeksion xəstəliyə yoluxma şübhəsi olan sərnişinin aşkar edilməsi, dərhal təcrid olunması, sanitariya-epidemioloji təhlükəsizlik prosedurlarının tətbiqi və təxliyə prosesinin düzgün icrası real əməliyyat şəraitində sınaqdan keçirilib.
Təlimin ikinci mərhələsində hava gəmisindən sərnişinlərin tibbi
heyət tərəfindən təhlükəsizlik protokollarına uyğun şəkildə
təxliyəsi, baqajların boşaldılaraq dezinfeksiya olunması təmin
edilib. Daha sonra təyyarə salonunda tam dezinfeksiya prosedurları
icra olunub və bütün əməliyyat ardıcıllığı operativ qaydada həyata
keçirilib.
Təlimdə bütün iştirakçılar qarşıya qoyulan tapşırıqları operativ
şəkildə, yüksək koordinasiya və məsuliyyətlə yerinə yetiriblər.
Məşğələ həm əməliyyat hazırlığının, həm də fövqəladə hallar üzrə
qarşılıqlı fəaliyyət mexanizminin effektivliyini bir daha nümayiş
etdirib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda bu kimi birgə təlimlərin təşkili ölkənin hava nəqliyyatında təhlükəsizliyin daha da gücləndirilməsinə, ictimai sağlamlığın qorunmasına və aidiyyəti dövlət qurumları ilə hava limanı arasında davamlı əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.