Bakı. Trend:
Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib.
Trend xəbər verir ki, konfransın keçirilməsində məqsəd tərəfdaş ölkələrin rəsmi nümayəndələrini bir araya gətirmək, rəqəmsal mühitdə, o cümlədən süni intellekt sahəsində uşaqların hüquqlarının qorunması ilə bağlı problemləri və qarşıda duran çağırışları müzakirə etmək olub.
Konfransda Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, İran nümayəndə heyətinin rəhbəri Zəhra Pezeşkian, həmçinin Türkiyə, Mərakeş, Qətər və Şimali Kiprdən olan rəsmi şəxslər və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri (BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) sədri, ICESCO-nun Baş direktorunun müşaviri) çıxış ediblər.
Rəqəmsal mühitdə təhlükələr: Həll yolları və müasir yanaşmalar adlı paneldə İSESCO-nun (Rabat) Baş ofisinin, Sosial və humanitar elmlər sektorunun İnsan elmləri bölməsinin rəhbəri Dinara Quliyeva, Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Sosial Xidmətlər İdarısinin müdiri Alev Ecevit, RİNN. Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Esmira Qasımova və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İB-nin sədri Kəmalə Aşumova çıxışlar edib. Eyni zamanda, uşaqların zərərli məlumatlardan qorunması sahəsində təcrübə mübadiləsi təşkil etmək, bu istiqamətdə qlobal və regional əməkdaşlıq imkanlarını gücləndirmək istiqamətində müzakirələr aparıblar.
Panel müzakirəsindən sonra Bəyannamə qəbul edilib. Sonda isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova yekun nitqi ilə çıxış edib.
