Bakı. Trend:
Rəqəmsal transformasiya mühitində heç bir uşaq müdafiədən kənarda qalmamalıdır.
Trend xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, rəqəmsal mühit nəzarətsiz və məsuliyyətsiz olduqda uşaqlar üçün ciddi risklər ortaya qoyur:
"Uşaqların rəqəmsal mühitdə müdafiəsi qlobal gündəliyin əsas məsələsinə çevrilib və bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Azərbaycanda 2018-ci ildə qəbul olunmuş uşaqların zərərli informasiyalardan müdafiəsi haqqında qanunun icrası çərçivəsində dövlət qurumları arasında effektiv koordinasiya formalaşdırılıb.
Oxşar qanunvericilik təşəbbüslərinin digər ölkələrdə də irəli sürülməsi hüquqi tənzimləmə baxımından ortaq məqamların, bu sahədə əməkdaşlıq imkanlarının mövcud olduğunu göstərir".
Komitə sədri vurğulayıb ki, bir çox ölkələrin təcrübəsi göstərir ki, valideynlərin rəqəmsal təhlükəsizliyinin artırılması, ailədə təhlükəsiz mühitin qurulması bu sahədə uşaqların müdafiəsinə müsbət təsir göstərən amillərdir:
"Araşdırmalara görə, uşaqların 72 faizi internetdən gündəlik istifadə edirlər. Onların zərərli informasiyalarla qarşılaşması riski yüksəkdir. Ona görə uşaqların rəqəmsal mühitdə mudafiəsi üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir. Rəqəmsal transformasiya mühitində heç bir uşaq müdafiədən kənarda qalmamalıdır".
