Bakı. Trend:
Emal edilməmiş almazların dövlət orqanın rəyi olmadan idxalı və ixracına görə cərimələr müəyyənləşdiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, emal edilməmiş almazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi olmadan idxalı və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək məbləğdə, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcək.
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
Qanun layihəsinə əsasən, işlənməmiş və ya sadəcə yonulmuş, parçalanmış və ya qırılmış və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan qiymətli daşlar emal edilməmiş almazlar hesab ediləcək.
Qeyd edək ki, qanun qəbul edildikdən sonra “Emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi və emal edilməmiş almazın İxracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydaları” təsdiq ediləcək.
