Bakı.Trend:
“IT SkillSprint” beynəlxalq təhsil proqramı layihəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsüdür.
Trend xəbər verir ki, bu fikirləri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova “IT SkillSprint”in açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, layihə 123 tələbəni əhatə edir.
“Tələbələr çox ciddi seçim mərhələsindən keçiblər və əsasən İT yönümlü ixtisaslar üzrə təhsil alan gənclər arasından seçiliblər.
Layihə çərçivəsində iştirakçılar bir semestr, yəni yarım tədris ili ərzində xüsusi intensiv kurs proqramına cəlb olunacaqlar. Kurs xarici şirkət tərəfindən təqdim olunur və əsas məqsəd tələbələrin İT sahəsində bilik və bacarıqlarının daha da inkişaf etdirilməsidir”.
Agentlik sədri qeyd edib ki, proqram real keyslər və layihələr üzərində praktiki iş prinsipi əsasında qurulub.
“Bu müddət ərzində tələbələr tam şəkildə yalnız bu istiqamətə fokuslanacaqlar. Məqsəd onların İT sahəsində dərinləşdirilmiş şəkildə bilik və bacarıqlar əldə etmələrini təmin etməkdir”.
O vurğulayıb ki, layihənin sonunda tələbələrin İT sahəsində peşəkar bacarıqları əhəmiyyətli dərəcədə artacaq.
“Xarici təcrübənin tətbiqi isə onların həm yerli, həm də qlobal əmək bazarında daha rəqabətli mütəxəssis kimi çıxış etməsinə imkan yaradacaq”,-deyə Ü.Səttarova əlavə edib.
