Bakı. Trend:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib.
Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.
Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.
Xatırladaq ki, Vüqar Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilmişdi.
Qeyd edək ki, TƏBİB-in idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur.
Şura sədr də daxil olmaqla 5 üzvdən ibarətdir.
Şuranın tərkibinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri (Şuranın sədri), səhiyyə nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri daxildir.
TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Şuranın vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 müavini var.
