Bakı.Trend:
Bakı Metropoliteni fevralın 18-də UEFA Çempionlar Liqası çərçivəsində “Qarabağ” və İngiltərənin "Nyukasl Yunayted" klubları arasıda keçiriləcək qarşılaşma ilə əlaqədar iş vaxtını 1 saat uzadacaq.
Trend xəbər verir ki, bu barədə “Bakı metropoliteni” QSC məlumat yayıb.
Bildirilir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) və “Bakı Metropoliteni” QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, fevralın 18-dən 19-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasında bir sıra tədbirlər görüləcək. Gücləndirilmiş iş rejimi tətbiq olunmaqla, əlavə işçi qüvvəsi ayrılacaq.
Zərurət yaranarsa, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır
saxlanılacaq. Qatarların hərəkətinə xüsusi qrafik müəyyən edilsə
də, ümumilikdə payız-qış üzrə hərəkət cədvəli qüvvədə
saxlanılacaq.
“Nərimanov” və “28 May” stansiyalarında da nəzarət mexanizmləri
gücləndiriləcək.
