Sentyabrın 5-də Azərbaycanda hüquq müdafiəsi ilə məşğul olan Qeyri Hökumət Təşkilatlarının (QHT) rəhbərləri Səidə Qocamanlı, Eldar Zeynalov, Novella Cəfəroğlu, Leyla Yunus, Əvəz Həsənov hazırda Bakıda səfərdə olan Avropa Şurasının baş katibi Terri Devislə görüşüblər. Bu barədə Trend -ə hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, görüşdə qonaq Azərbaycanda seçkiabağı mühitlə bağlı məlumatlandırılıb.
Hüquq müdafiəçiləri T.Devisə bəzi məsələlərlə bağlı narahatlıqlarını bildiriblər. İlk növbədə qonağın diqqətinə seçkiqabağı siyasi həbslər barədə məlumatlar çatdırılıb.
Hüquq müdafiəçiləri əsasən Yeni Müsavat Partiyasının fəalı Pirəli Orucovun və "Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin həbsini önə çəkiblər. S.Qocamanlı: "Terri Devisə bildirdik ki, Ruslan Bəşirlinin ailəsinə qarşı əsl repressiya tətbiq olunur. Yaxın qohumları işdən çıxarılır və yerli icra orqanları tərəfindən sıxışdırılaraq təzyiqlərə məruz qalır.
Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən telekanallarda müxalifətə qarşı davam edən "qara piar"la bağlı da narahatlıqlarımızı da bildirdik. Qonağın nəzərinə çatdırdıq ki, bu hərəkət siyasi qüvvələr və ictimaiyyət arasında seçkiqabağı gərginliyi bir qədər də artırır".
S.Qocamanlı görüşdə həmçinin beynəlxalq təşkilatların Azərbaycan hökumətinə edilmiş bəzi tövsiyyələrinə məhəl qoyulmamasıyla bağlı narazılıqların da qonağın diqqətində çatdırıldığını söylyəyib.
"Bu, Azərbaycan Respublikası Seçki Məccələsinin xaricdən 30 faiz maliyyələşən QHT-lərin seçkilərdə müşahidəçi kimi iştirakını qadağan edən müddəasıyla bağlıdır. Bilirsiniz ki, bununla bağlı bu ilin mart ayında Avropa Şurası Venetsiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bəzi tövsiyyələr verib.
Həmin tövsiyyələrə görə, Seçki Məcəlləsinin həmin müddəasında dəyişikliklər edilməli və bu qadağa aradan qaldırılmalı idi. Ancaq yeni Seçki Məcəlləsində bu müddəa heç bir dəyişiklik edilmədən əvvəlki kimi saxlanıldı. Bu da bir sıra QHT-lərin seçkilərdə müşahidəçi kimi iştirakına mane olacaq" - deyə S.Qocamanlı söyləyib.
Görüşdə müzakirə olunan digər məsələ də seçici vəsiqəsi ilə bağlı olub. Hüquq müdafiəçiləri qonağın nəzərinə çatdırıblar ki, hakimiyyət orqanları seçki zamanı mürəkkəbdən istifadə təklifini qəbul etmirlər. S.Qocamanlı: "Halbuki, bu, seçki vaxtı təkrar səsvermənin qarşısını almaq üçün olduqca əlverişli üsuldur.
Bir də Terri Devisin diqqətinə seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması məsələsini çatdırdıq. Çünki seçkilərin ədalətli keçməsi üçün seçki komissiyalarında həm hakimiyyət, həm də müxalifət üzvlərinin bərabər sayda və bərabər hüquqda təmsil olunmaları zəruridir".
Görüşün sonunda hüquq müdafiəçiləri Terri Devisdən noyabr ayında keçiriləcən parlament seçkilərini diqqətdə saxlamağı xahiş ediblər. Terri Devis də huqüq müdafiəçilərinə bildirib ki, elə onun başçılıq etdiyi nümayəndə heyüətinin Bakıya gəlişində məqsəd dəAzərbaycanda keçiriləcək parlament seçkilərinin azad və ədalətli keçirilməsinə nəzarət etməkdir.