...

Hacı Məmmədov: "Cahangir Hacıyevin arvadını oğurlamağı Zakir Nəsirov sifariş edib"

Cəmiyyət Materials 9 Avqust 2006 19:43 (UTC +04:00)

Avqustun 9-da məhkəmədə ifadə verən Hacı Məmmədov bildirib ki, 2005-ci ilin fevral ayında Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanı oğurlamağı ona DİN Baş Cinayət Axtarış İdarəsinin rəisi Zakir Nəsirov sifariş edib. Trend in xəbərinə görə, müttəhim Hacı Məmmədov bu məlumatı Ağır Ginayətlərə dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən iclasısda bildirib.

"Zamirə Hacıyevanı oğurlamazdan bir neçə ay əvvəl Zakir Nəsirov məni yanına çağırıb Cahangir Hacıyevi tanıyıb-tanımadığımı soruşdu. Mən isə bildirdim ki, həmin adam bir dəfə "Qarabulağ"a qonaq gəlib və bir yerdə çörək yemişik. Z.Nəsirovla belə razılığa gəldik ki, Cahangir Hacıyevin arvadını oğurlayıb ondan pul alaq. Sonra isə qadını azad edək. Planı mən qurmuşam. C.Hacıyevin yaşadığı ünvanı müəyyən etdik və Zamirə Hacıyevanı nəzarətdə saxlamağı dəstə üzvü Eldar Rəhimova tapşırdıq. Ötən il fevralın 10-da, nəhayət ki, Zamirə Hacıyevanı qadın salonundan çıxarkən oğurlamağa nail olduq" - deyə H.Məmmədov bildirib.

Təqsirləndirilən şəxs onu da qeyd edib ki, əvvəlcə Cahangir Hacıyevdən arvadını azad etmək müqabilində 15 milyona yaxın avro tələb etmək istəyiblər: "15 milyon deyib 2 milyon avroda dayanmaq fikrindəydik. Fikirləşirdik ki, Cahangir Hacıyev iki günə həmin məbləği bizə çatdıracaq və arvadını azad etdirəcək. Lakin bu, bizim sonuncu əməliyyatımız oldu. Biz Cahangir Hacıyevdən həmin məbləği ala bilmədik, əvəzində isə məni tutub MTN-ə apardılar və Zamirə Hacıyevanı azad etdilər" - deyə H.Məmmədov söyləyib.

Məhkəmə iclası avqustun 10-da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti