BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quttereşin və Ali Komissarlığın Avropa Bürosunun direktoru Pirkko Kourulanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində avqustun 16-da qaçqın və məcburi köçkünlərin yığcam məskundaşdıqları bir sıra ərazilərdə olublar. Bu barədə Trend ə Azərbaycanın Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qaçqın düşərgələrinə səfərdə Qaçqınkomun sədri, baş naziri müavini Əli Həsənov da iştirak edib. Qonaqlar Sabiradab rayonu ərazisindəki "Qalayqayın" çadır düşərgəsində, Biləsuvar rayonunda yeni salınmış qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə, həmçinin Beyləqan ərazisində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Sığınacaq layihəsi çərçivəsində inşa olunmuş məskunlaşma obyektlərində yaşayan məcburi köçkünlərlə görüş keçiriblər. BMT nümayəndələri qaçqın-köçkünlərin yaşayış vəziyyəti ilə yaxından tanış olublar.
Məcburi köçkünlər BMT QAK-ın uzun müddət Azərbaycanda fəaliyyət göstərdiyi, Antonio Quttereşin və Pirkko Kourulaya onlarla görüşə gəldikləri üçün təşəkkürlərini bildiriblər.