Avqustun 21-də Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, hazırda mütəşəkkil dəstə başçısı kimi məhkəmə qarşısında dayanmış Hacı Məmmədovun səhhətində problemlər yaranması ilə əlaqədar məhkəməyə məktub göndərib. Trend xəbər verir ki, Hacı Məmmədov və onun başçılıq etdiyi mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.
H.Məmmədov sonuncu məhkəmə iclasında iştirak etməyib. Hakim Ə.Seyfəliyev bunu təqsirləndirilən şəxsin səhhətindəki problemlərlə əlaqələndirib və bildirib ki, MTN-nin məhkəməyə ünvanladığı məktubda H.Məmmədovun təzyiqinin yüksək olduğu bildirilib.
Hakim məhkəmə iclasının avqustun 23-dək təxirə salındığını elan etməklə iclası bağlı elan edib.
Qeyd edək ki, H.Məmmədov və onun başçılıq etdiyi 25 nəfərlik dəstə üzvləri 1995-2005-ci ilin ilk üç ayı ərzində Bakıda çoxsaylı qətllər və adam oğurluqları ilə məşğul olmaqda təqsirləndirilir. Bu iş üzrə məhkəmə istintaqına 4 avqust 2006-cı il tarixdə start verilib. Məhkəmənin gedişatı zamanı Hacı Məmmədov "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovu keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişi əsasında qətlə yetirmələri barədə məlumat verib. Bu məlumatlardan sonra o və dəstənin digər 4 üzvü, o cümlədən Fərhad Əliyev E.Hüseynovun qətli ilə bağlı dindirməyə cəlb olunub.