...

Məhkəmədə Hacı Məmmədovun ibtidai istintaqa verdiyi 20-yə yaxın epizodla bağlı ifadəsi araşdırılıb

Cəmiyyət Materials 29 Avqust 2006 18:25 (UTC +04:00)

Avqustun 29-da məhkəmədə Hacı Məmmədovun ibtidai istintaqa verdiyi 20-yə yaxın epizodla bağlı ifadəsi araşdırılıb. Trend in xəbərinə görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Məhkəmə iclasında prokuror Abdulla Hüseynov vəsatət qaldıraraq Hacı Məmmədovun məhkəmədə verdiyi bəzi ifadələrlə ibtidai istintaqa verdiyi ifadələr arasında ziddiyyətlər olduğunu bildirib. Bu səbəbdən də məhkəmədən xahiş edib ki, həmin ifadələr üzrə Hacı Məmmədov sorğu-sual edilsin.

Həmin epizodlar arasında Hacı Məmmədov tərəfindən qətlə yetirilmiş DİN Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş şöbə rəisi Azər İsmayılovun dəstə üzvü Elçin Əliyevi zəhərləməsi, Zamirə Hacıyevanın saxlandığı bunkerdə dəstə üzvü Rövşən Ağayevlə söhbətləri, Zamirə Hacıyevanın oğurlanmasından əldə olunan pulların bölüşdürülməsi, "Azərmebelsənaye" Konserninin direktoru Nazim Paşayevin və onun sürücüsü Natiq Abbasovun qətlə yetirilməsi, Kamil Sədrəddinova hissə-hissə 500 min dollar verilməsi, Hacı Məmmədovun dəstə üzvü Nailə Quliyevaya mənzil alması və digər epizodlar da var.

Hacı Məmmədov qeyd olunan epizodlar üzrə sorğu-sual olunarkən bildirib ki, məhkəmədəki ifadələri həqiqətə daha yaxındır. "Çünki ibtidai istintaq altında saxlanılarkən məndən ifadələr alınan ərəfədə intihar etməyə cəhd göstərmişdim. Buna görə də mənə müxtəlif dərman preparatları vurulmuşdu və bir aya yaxın özümü huşsuz vəziyyətdə hiss etdim. İfadələr də məndən həmin vaxt alınıb. Nə yazdığımı, nə dediyimi və nəyə qol çəkdiyimi özüm də bilmirdim" - deyə H.Məmmədov söyləyib.

Məhkəmə iclası avqustun 30-da davam edəcək.

Xəbər lenti

Xəbər lenti