"Azərbaycanın futbol yığmasında cavanlaşdırma prosesi gedir. Buna görə də komandanın Avro-2008-in seçmə turnirində çıxışı ilə bağlı proqnozlar vermək çox çətindir". Bu barədə Trend ə "Neftçi"nin kapitanı Zaur Tağızadə bildirib.
Onun sözlərinə görə, kollektiv çox güclü qrupa düşüb və Şahin Diniyevin yetirmələrinə qarşıdakı görüşlərdə olduqca çətin olacaq. "Biz vaxtilə serblərdən də, portuqallardan da xal almışıq. Buna görə də bu komandalar Azərbaycanla oyunlara tam ciddi hazırlaşacaq", - deyə Z.Tağızadə hesab edir. Maraqlıdır ki, vaxtilə məhz o, portuqalların qapısına vurulmuş qolun müəllifi olub. Bakıda keçirilmiş bu görüş 1:1 hesabı ilə başa çatmışdır.
Qeyd etmək lazımdır ki, yığmanın baş məşqçisi Şahin Diniyev ünvanına deyilmiş tənqidlə əlaqədar təsnifat oyunlarında ölkənin ən yaxşı futbolçularından birinin xidmətlərindən istifadə etməməyi qərara alıb.