Oktyabrın 11-də günün ikinci yarısı Hacı Məmmədovun məhkəməsində DİN Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin keçmiş rəisi Kamil Sədrəddinov prokurorların suallarını cavablandırıb. Trend xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun bandasının cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə davam etdirilir.
Prokurorlar təqsirləndirilən şəxsə çoxsaylı epizodlar üzrə suallar versə də, o, həmin epizodlardakı cinayətlərdən xəbərsiz olduğunu deyib. "Yalnız Azər İsmayılovun qətlində Hacı Məmmədovdan şübhələndiklərini eşitmişdim. Ancaq sonradan həmin şübhələr özünü doğrultmadı"-deyə Kamil Sədrəddinov bildirib.
Prokuror təqsirləndirilən şəxsə Zamirə Hacıyevanın oğurlanması epizodu ilə bağlı sual verərkən o, bildirib ki, 2004-cü ilin oktyabrından 2005-ci il fevralın sonuna kimi ailəsində və yaxın qohumlarında ardıcıl şəkildə baş verən faciələrlə əlaqədar Şəkidə olub. "Zamirə Hacıyeva fevralın 10-da oğurlanıb. Mən həmin vaxt Şəkidə olmuşam"-deyib.
K.Sədrəddinov həmçinin məhkəmənin nəzərərinə çatdırıb ki, ibtidai istintaq vaxtı ondan daxili işlər naziri Ramil Usubovun və baş prokuror Zakir Qaralovun əleyhinə ifadələr almaq istəyiblər.
Məhkəmə iclası oktyabrın 12-də Kamil Sədrəddinovun dindirilməsi ilə davam etdiriləcək.