Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov beşinci -altıncı yerləri bölüşdüyü Moskvada keçirilən Mixail Tal memorialının təşkilatçıları tərəfindən xüsusi mükafata layiq görülüb.
Trend xəbər verir ki, gənclər arasında ikiqat dünya çempionu yarış iştirakçıları arasında yeganə idmançıdır ki, heç bir məğlubiyyətə uğramayıb. Nəticədə Şəhriyara ən yaxşı müdafiəçi qismində mükafat verilib. Ona bu mükafatı "Eksklüziv kitab aləmi" nəşriyyatı verib.
Xatırladaq ki, memorialın sonunda sürətli şahmat üzrə M.Tal Kuboku keçirilib. Burada Azərbaycanın digər qrossmeysteri Teymur Rəcəbov uğurla çıxış edib və üçüncü yeri tutub. Yarışın qalibi isə sürətli şahmat üzrə tanınmış oyun ustası Vişvanatan Anand olub.