...

Keçmiş səhiyyə nazirinin məhkəmə heyətinə etirazla bağlı növbəti vəsatəti müzakirəsiz saxlanılıb

Cəmiyyət Materials 2 Mart 2007 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Martın 2-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun və onunla birlikdə mühakimə olunan digər 10 nəfərin məhkəməsi davam etdirilib.

Keçmiş səhiyyə nazirinin məhkəmə heyətinə etirazla bağlı növbəti vəsatəti müzakirəsiz saxlanılıb. Nazir etirazını Azərbaycan məhkəmələrinə inanmsızlığı ilə əlaqələndirib və özünün mühakiməsi üçün Avropadan hakim dəvət olunmasını tələb edib. Hakim Faiq Qasımov isə bildirib ki, Ə.İnsanovun vəkilləri tərəfindən hələ məhkəmənin ilk günü hakim heyətinə etirazla əlaqədar vəsatət verilib və vəsatət baxılmadan saxlanılıb. Hakim: "Hesab edirəm ki, hazırkı mərhələdə bu vəsatətin müzakirəsinə ehtiyac yoxdur".

Daha sonra dövlət ittihamçısı Kamran Əliyev üç hissəli vəsatətlə çıxış edib. Prokuror məhkəmədən xahiş edib ki, məhkəmədə ifadə vermiş 7 təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələr arasındakı ziddiyyətlər araşdırılsın. "Bundan əlavə, təqsirləndirilən şəxs Aleksanr Umnyaşkin məhkəmə ifadəsinə qeyd etdi ki, ibtidai istintaq zamanı təzyiqlərə məruz qalıb. Xahiş edirəm bu məsələ də araşdırılsın. Həmçinin məhkəmədən xahiş edirəm ki, Umnyaşkinin məhkəmə ifadəsində səsləndirdiyi bəzi məlumatlar da araşdırılsın. Bu məlumatlardan biri Səhiyyə Nazirliyinin keçmiş şöbə müdiri Qətilə Nəsibovanın istintaqçılar tərəfindən məruz qaldığı təzyiqlər nəticəsində dünyasını dəyişməsi ilə bağlıdır",-deyə prokuror vəsatətində bildirib.

Hakim prokurorun vəsatətini təmin edib.

Sonra təqsirləndirilən şəxs qismində Səhiyyə Nazirliyinin Əczaçılıq və tibbi texnika şöbəsinin keçmiş müdiri Akif Məhərrəmov ifadə verib. A.Məhərrəmov Əli İnsanova rüşvət verməkdə təqsirli bilinir. A.Məhərrəmov ifadəsində ittihamlarla razılaşmadığını söyləyib.

Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti