Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Moskvadakı P.Lumumba adına Xalqlar Dostluğu Universitetində azərbaycanlı və erməni tələbələr arasında baş verən münaqişə zamanı yaralanmış Ağəli Alışov artıq xəstəxanadan çıxıb və Azərbaycanın Rusiyadakı səfirliyinin mehmanxanasında yerləşdirilib. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şakir Səlimov məlumat verib.
O bildirib ki, Dövlət Komitəsi baş vermiş həmin hadisəni, azərbaycanlı tələbənin durumunu diqqətdə saxlayır. Komitə nümayəndəsinin sözlərinə görə, həmin münaqişədə haqq-ədalət azərbaycanlı tələbələrin tərəfindədir: "Həmin tədbirdə ermənilər qondarma qurumun bayrağını dalğalandırmaq istəyiblər və azərbaycanlı tələbələr buna etiraz ediblər. Hər halda silahdan azərbaycanlı yox, erməni tələbələr istifadə ediblər".
Səlimov onu da deyib ki, Dövlət Komitəsi Alışovun valideynlərinin yol xərclərini öz üzərinə götürərək onları Moskvaya yola salıb.