...

Sabiq iqtisadi inkişaf nazirinin işi üzrə məhkəmə davam edir

Cəmiyyət Materials 17 May 2007 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyev barəsindəki cinayət işi üzrə iclas cümə axşamı günü davam etdirilib.

"Azpetrol" Şirkətlər Qrupunun prezidenti Əliyev məhkəmədə barəsindəki cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılması barədə vəsatət qaldırıb. Əliyev vəsatətini onunla əsaslandırıb ki, ibtidai istintaqda saxtakarlığa yol verilib və ona qarşı qondarma ittihamlar irəli sürülüb. "Mənə verilən ittihamlardan biri vergidən yayınma ilə bağlıdır. Lakin istintaq zamanı məlum oldu ki, mən heç vaxt vergidən yayınmamışam və ümumiyyətlə, mən həmişə bir vergi ödəyiçisi kimi çox məsuliyyətli insan olmuşam. Vergilər Nazirliyi ilə 2 dəfə məhkəmədə görüşmüşük və "Azpetrol" Şirkətlər Qrupu kimi hər 2 halda məhkəməni qazanmışıq" - deyə Əliyev məhkəmənin nəzərinə çatdırıb.

Daha sonra o bildirib: "İbtidai istintaq zamanı ifadə vermək üçün dəfələrlə istintaq rəhbərinə müraciət etsəm də, mənə ifadə vermək üçün şərait yaradılmayıb. Lakin hazırda ittiham aktında qeyd olunub ki, guya mən ibtidai istintaqa ifadə verməkdən könüllü imtina etmişəm. Bu belə deyil",

Sonra vəkil Fuad Ağayev cinayət işinin materialları ilə tanışlıq üçün şərait yaradılmadığına görə iradını bildirib və işin ibtidai istintaqa qaytarılmasını xahiş edib.

Fasilədən sonra tərəflər bu vəsatəti müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti