...

Elşən Xəzər: "Bəzi meyxanaçılar sağlam orqanizmdə kor bağırsağı xatırladır"

Cəmiyyət Materials 19 May 2007 15:11 (UTC +04:00)

Azərbaycan, Bakı,19 may /müx. "TrendLife" Vüqar İmanov/

Meyxana - ən məşhur musiqili xalq poeziya yaradıcılığıdır. Belə ki, bu xalq folklorunun kökü 8-9-cu əsrlərə təsadüf edir. Onu da qeyd edək ki, əvvəllər meyxanalar ancaq çayxana, meyxanə kimi yerlərdə deyilərdi. "Mey" sözünün mənası spirtli içki deməkdir. Əvvəllər meyxanaçılar bu yerlərə nəinki əylənməyə, vaxtlarını xoş keçirməyə, həm də öz yaradıcılıqları ilə məşğul olmaq üçün gedirdilər. Elə bu janr da adını oradan, yəni "meyxanə"dən götürüb. "Deyişmə" meyxanası yumor üslubunda, iki və ya daha çox adamın ifasında olur. Yəni bir başlıq və ya son misra götürülür və onun ardınca meyxana davam edir. "Deyişmə"də çox vaxt bir-birlərinə yumorlu atmacalar atırlar. Elşən Xəzər meyxana ustalarından biri sayılır. O, həmçinin İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib, bu yaxınlarda çəkilən "Sırat körpüsü" filmində oğru rolunda iştirak edib. Yaradıcı adam özünü incəsənətin bütün sahələrində sınaya bilər. Mənim bu barədə sualımı gözləməyən Elşən Xəzər söhbətə belə başladı.

- Hərçənd ki, mənim müəllimim Universitetdə Amaliya Pənahova olub, mən özümü aktyor saymıram. Ancaq tanışlar hamısı mənim "Sırat körpüsü" filmindəki ifamı çox bəyəniblər.

- Bəs meyxanaya belə məhəbbət hardandır?

- Uşaqlıqdan mən Ağasəlim Çıldağa, Nizamiyə, Mola Məmmədə, Hacı Kazıma, Səlimə, Həsənağaya qulaq asırdım. Biri var qulaq asasan, biri də var bu janrı sevəsən. Başladım sakit-sakit bu sahəni öyrənməyə, professional səhnəyə isə 1998-ci ildən gəlmişəm. Yadınızdadırsa Qorxmaz Əlilinin təşkilatçılığı ilə meyxana müsabiqəsi keçirilirdi. Mənimlə birgə orada Mehman Əhmədli, Aydın, Namiq Qaraçuxurlu, Aqşin çıxış edirdi.

- İndi bu, Allah vergisidir, yoxsa öz üzərində işləmisən?

- Mənim aləmimdə Allah vergisi olmasa, sənətdə ola bilməzsən. Əlbəttə ki, "deyişmə" kimi meyxana olanda çox zəhmət tələb edir. Belə ki həmkarın öz sözünü deyib qurtarana qədər sən çıxışını hazırlamalısan. Əsas odur ki, meyxana bədahədən gəlsin.

- Meyxana ifaçılarının qafiyələri tez tutub deməsi təəccüb doğurur. Bəzən isə fikir təhqirə çevrilir. Sonradan yoldaşlar arasında narazılıq yaranmır ki?

- Mən sizlə razı deyiləm. Meyxanada təhqir yoxdur. Sadəcə sən sözə sözlə cavab verirsən. Meyxanada ən əvvəl söz mədəniyyəti, sonra ifaçının səsi, sonra musiqi və artistlik gəlir. Bu qanunları pozanlar peşəkar sayılmır. Elə meyxanaçılar var ki, sağlam orqanizmdə kor bağırsağı xatırladırlar.

- Sizin fikrinizcə hazırda meyxana necə inkişaf edir?

- Əvvəllər meyxanaçıları oğru, narkoman, "alkoqolik" sayırdılar. Allaha çox şükür ki, pis adam elə hər yerdə var. Biz "De gəlsin" meyxana şousunda iştirak edəndə bizim dinləyicilərin arasında Fransadan olanlar da var idi. Onlar bu janra təəccüb edirdilər. İnanmırdılar ki, biz meyxananın hər bəndini meyxana gedə-gedə bədahədən deyirik. Sonradan həmin fransalı buna əmin olandan sonra Azərbaycan folklorunun bu janrı barədə kitab yazdı. Təəssüf ki, Azərbaycanda bizə qiymət verən yoxdur...

- Qiymət verilmirdi, yoxsa verilmr?

- Yox qiymət vermirlər. Məsələn, bizim üçün heç bir kanal mövcud deyil (ANS dən başqa). Kanallar bizi qəbul etmir, deyir ki, bu sanballı deyil. Bəs sanballı nədir? Yarı çılpaq qızları göstərmək? Bizim də axı vətənə, sevgiyə, insani dəyərlərə həsr etdiyimiz fikirlər var. Məsələn, görürsüz amerikalılar öz replərini necə təbliğ edirlər? Bizə isə elə yanaşmırlar!

- Siz konkret olaraq nə təklif edirsiz?

- Mən birinci növbədə ümummilli liderimiz Heydər Əliyevin meyxana vurğunu olduğunu demək istərdim. Məhz mərhum prezidentimizin Ağasəlim Çıldağa olan yıxşı munasibəti sayəsində 2006-cı ildə İlham Əliyevin göstərişi ilə ona "Şərəf" ordeni verildi. Hazırda isə meyxana janrına ölkənin birinci xanımı Mehriban Əliyeva böyük diqqət göstərir. İndi meyxanaya ən çox cavanlar meyl göstərir. Bizim tələbələrimiz var. Ancaq hökumətin dəstəyi ilə xüsusi məktəblər açılmalıdır. Hələ ki Mehman Əhmədli, Aqşin, Namiq Qaraçuxurlu, Aydın Xırdalanlı, Vahid Qədim, Ələkbər, Elçin, Oktay kimi müəllimlər var , qoy bizim bildiyimizdən və təcrübəmizdən istifadə etsinlər. Yoxsa 10-15 ildən sonra ola bilər ki, bu incəsənət növü itsin.

- Siz özünüzü ustad sayırsız?

- Bunu ancaq xalq deyə bilər.

- Sizə elə gəlmir ki, sonuncu "De gəlsin"də siz qələbəyə layiq idiniz?

- Meyxana müxtəlif güllərin bitdiyi bağçadır. Hansı gülü dərməyi xalq seçir. Namiq Məna qalib gəldi. Bircə o səhv idi ki, qalb SMS-lərlə müəyyən olunur, münsiflər heyəti tərəfindən yox. Açıq söyləyim ki, mənim dördlüyə düşmək şansım var idi. Sonradan biləndə ki, oyun düzgün istiqamətdə getmir, dostlarıma dedim ki, SMS-ləri dayandırsınlar, göndərməsinlər. Əlbəttə, bütün iştirakçılar yaxşı deyirdi. Mən özümə rəqib Mehmanı, Aydını, bir də Kərimi görürəm.

- Bəs niyə qadınlar meyxana demir?

- Siz qadın peyğəmbər görmüsüz?

- Siz özünüzü peyğəmbərlə müqayisə edirsiz?

- Əstağfrullah. Yox, sadəcə bu incəsənət növünə qadınlar gəlmir. Hərçənd ki, biz arada öz kompozisiyalarımızda onların səsindən istifadə edirik.

- Siz bu yaxınlarda Məkkədə Həcc ziyarətində olmusunuz. Bundan sonra dəyişmisiz?

- Mənə elə gəlir ki, imkan olan yerdə hər bir müsəlmanın borcu Həcc ziyarətinə getməkdir. Artıq 7-8 ildir ki, namaz qılıram. Əlbəttə ki, Allaha sevgim həmişə olub, ancaq nə isə şeytan qoymurdu.(gülür). Mən müsəlman dünyasını görəndən sonra imanım güclənib. Bunu gərək öz gözlərinlə görəsən. Orada maddiyyat öz dəyərini itirir, hətta orada olanda ailəni də unudursan. Yadımdadır, mən Müzdəlifdən şeytana daş atmağa gedəndə çiynimdə 50-60 kiloqram ağırlığında olan çantamın içində konservlər var idi ki, Ərafat dağında Mina düzənliyində onları zəvvarlara paylaşdırmalı idim. Bu ağırlıqdan çiyinlərim göyərmişdi və o zaman elə bil ki, Allah Təala tərəfindən mənə vəh gəlmişdi. Mənim dünyagörüşüm tamam dəyişmişdi. Mən tam başqa adam olmuşdum. Hətta mən Məkkədən qayıdanda meyxananı atmaq istəmişdim. Hətta "De gəlsin" müsabiqəsindən də imtina etmək istəmişdim. Aqşinin məsləhətinə qulaq asıb meyxanada qalmaq qərarına gəldim.

- "De gəlsin" verlişindən görünürdü ki, siz Hacı olandan sonra sizə hörmət daha da artib, ifaçılar sizə sərt sözlərlə müraciət etmirdilər...

- Bəli, mən də bunu hiss etmişdim. Çalışırdım ki, sərhədi keçməyim. İfaçılar arasında müxtəlif insanlara rast gəlmək olar. Lakin Allah görür və hər şey onun əlindədir.

Xəbər lenti

Xəbər lenti