...

İrqçilik və Dözümsüzlük Əleyhinə Avropa Komissiyası Azərbaycan üzrə məruzə dərc edib

Cəmiyyət Materials 24 May 2007 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Avropa Şurasının İrqçilik və Dözümsüzlük Əleyhinə Avropa Komissiyası cümə axşamı Azərbaycan üzrə məruzə dərc edib. Avropa Şurasının Bakı ofisindən verilən məlumata görə, bu komissiyanın 2003-cüildən 2006-cı ilin dekabrına qədər olan dövrü əhatə edən ikinci məruzədir.

Hesabatda bir sıra sahələrdə, həmçinin təhsil sahəsində irəliləyişlər əks olunub. Təhsil sahəsində hüquqi status verilməmiş ölkə vətəndaşı olmayan şəxslərin uşaqlarının dövlət məktəblərinə daxil olması imkanı yaxşılaşdırılıb, insan hüquqlarının, həmçinin azlıqların dillərinin tədrisi istiqamətində müəyyən tədbirlər görülüb. Hüquq-mühafizə orqanları əməkdaşlarının qanunsuz davranışı ilə daha yaxşı mübarizə aparmaq üçün səylər göstərilib.

Hesabatda 2004-cü ildə "Qaçqınların və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" qəbul edilməsi müsbət amil kimi qeyd olunub. Qaçqın statusunun verilməsi üzrə prosedur qəbul edilib və bəzi sığınacaq axtaranlar artıq bu əsaslarla qaçqın statusunu əldə edib.

Qeyd olunur ki, komissiyanın birinci məruzəsində əks etdirilmiş bir sıra tövsiyələr həyata keçirilməyib. Xüsusən də dövlət nümayəndələri, siyasətçilər tərəfindən irqi və qızışdırıcı çıxışların və ya dini dözümsüzlüyün təşviqi halları hələ də baş verməkdədir. Ölkə vətəndaşı olmayan şəxslərin müəyyən kateqoriyaları hüquqi status əldə edilməsində və ya bu statusdan irəli gələn hüquqların həyata keçirilməsində çətinliklərlə üzləşirlər.

Bu məruzədə Azərbaycan hökumətinə bir sıra sahələrdə tədbirlər görülməsi tövsiyə edilir. O cümlədən tövsiyə edilir ki, Azərbaycan hökuməti məhkəmə sistemində çalışan işçilər üçün irqçilik və dözümsüzlüyün qarşısının alınmasına yönəlmiş cinayət hüquq normalarının lazımi qaydada tətbiqinin əhəmiyyəti barədə daha çox treninq keçirilməsini təmin etsin.

Həmçinin irqçilik və irqi ayrı-seçkiliklə mübarizə üzrə ixtisaslaşmış qurum təsis edilməsi və Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həlli üçün əlverişli mühitin yaradılması təklif olunur.

İrqçilik və Dözümsüzlük əleyhinə Avropa Komissiyası Avropa Şurası tərəfindən təsis edilib. Həmin Komissiya irqçilik və dözümsüzlüklə bağlı məsələlərdə ixtisaslaşmış insan hüquqlarının monitorinqi üzrə müstəqil bir qurumdur. Komissiyanın tərkibi mənəvi nüfuzu və irqçilik, ksenofobiya, antisemitizm və dözümsüzlük məsələləri ilə bağlı tanınmış, təcrübəsi olduğına görə seçilmiş müstəqil və qərəzsiz üzvlərdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti