Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova yaxın günlərdə Gürcüstana səfər edəcək. Ombudsman Süleymanova bazar ertəsi bildirib ki, səfər çərçivəsində gürcüstanlı həmkarı ilə yanaşı, bir sıra hökumət və dövlət nümayəndələri ilə görüşəcək.
Görüşlər zamanı Gürcüstanda cəza çəkən azərbaycanlıların ekstradisiyası ilə bağlı müzakirələr aparılacaq. Artıq bununla bağlı həm Azərbaycan, həm də Gürcüstanın Ədliyyə nazirliklərinə müraciət edilib.
"Gürcüstan Ombudsmanının Azərbaycana səfəri zamanı bu məsələ müzakirə edilib. İndi hər iki nazirlik arasında sənədləşmə işləri aparılır" - deyə Süleymanova əlavə edib.
Süleymanova səfər çərçivəsində Gürcüstandakı soydaşlarımızla da görüşərək onların problemləri ilə maraqlanacaq.