...

QAT "Qarabağ partizanları" adı ilə tanınan gənclərin azadlığa buraxılmasını istəyir

Cəmiyyət Materials 13 Avqust 2007 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /"Qarabağ partizanları" adı ilə tanınan gənclərin həbsdə saxlanılması hərbi vətənpərvərlik tərbiyəsinə mənfi təsir göstərir və düşmənin maraqlarına xidmət edir. Bunu hakimiyyət, hüquq müdafiəçiləri, hər bir şəxs bilməli və bu gənclərin azadlığa çıxması üçün vacib addımlar atmalıdır. Qarabağ Azadlıq Təşkilatının (QAT) "Qarabağ partizanları" adı ilə tanınan bir qrup gəncin həbsinin gördüncü ilinin tamam olması ilə bağlı bazar ertəsi yaydığı bəyanatında deyilir ki, həmin gənclərə qarşı böyük ədalətsizlik edilib.

"Qarabağ partizanları" adı ilə tanınan bir qrup gənc 2003-cü il 13-14 avqust tarixində həbs olunublar. 2004-cü il dekabrın 22-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər, 2005-ci il martın 30-da Apellyasiya Məhkəməsində, 2005-ci il avqustun 31-də Ali Məhkəmədə onların işinə yenidən baxılıb, bir qrupu azadlığa buraxılıb, digərlərinin cəza müddəti azaldılıb. 2007-ci il martın 20-də Azərbaycan prezidentinin imzaladığı Əfv fərmanı ilə daha iki nəfər azadlığa buraxılıb. Lakin bu şəxslərdən 10 nəfər hələ də həbsdə saxlanılır. Onlardan Məmməd Məmmədov ömürlük həbs cəzasına məhkum edilib.

QAT hesab edir ki, gənclərin hər biri hərəkətlərinə uyğun olmayan ağır cəzalar alıblar, eyni zamanda, istintaq və məhkəmənin gedişində ciddi prosedur pozuntularına yol verilib: "Onlar Konstitusiya hüquqlarından istifadə edərək torpaqlarımızın işğalına, ərazi bütövlüyünün pozulmasına qarşı özlərinin dərk etdikləri formada müqavimət göstərməyə cəhd ediblər. Ona görə də, onların hər biri siyasi məhbus və vicdan məhbusu kateqoriyalarına uyğun gəlirlər". Təşkilatın bəyanatında qeyd olunub ki, həmin gənclərin hər birinin Qarabağ müharibəsində iştirakı, himayələrində azyaşlı uşaqların olması nəzərə alınmalıdır: "Onların bundan sonra da həbsdə saxlanılması daha böyük ədalətsizlikdir. Bu gənclərin yalnız Vətəni sevdiklərinə, işğalçılara qarşı mübarizə aparmaq istədiklərinə görə həbsdə saxlanılmaları insanlıq və dövlətçiliklə bir araya sığmır. Biz hesab edirik ki, Qarabağ partizanlarının hələ də həbsdə saxlanılmasının səbəbi bəzi məmurların, hüquq-mühafizə orqanı rəhbərlərinin qərəzli münasibətinin nəticəsidir. Eyni zamanda, hüquq müdafiəçilərinin bu gənclərin taleyinə daha diqqətlə yanaşmasına da ehtiyac vardır".

Qeyd edək ki, Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 28 yanvar 2000-ci ildə Bakıda Qarabağ Azadlıq Təşkilatı yaradılıb. Təsis qurultayında tarix elmləri namizədi, dosent Akif Nağı QAT-ın sədri seçilib. QAT öz sıralarında ölkənin tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, ağsaqqalları, gəncləri, keçmiş döyüşçüləri, ehtiyatda olan yüksək rütbəli zabitləri, həmçinin əhalinin digər sosial təbəqələrinin nümayəndələrini birləşdirir. Hazırda QAT-ın Azərbaycan üzrə rayon, şəhər, çadır düşərgələrində 74 yerli şöbəsi, o cümlədən Türkiyə, İran, Rusiya, İsveç, Almaniya, Fransa, Kanada, Estoniya, İraq və digər ölkələrdə təmsilçiləri fəaliyyət göstərir. Təşkilatın 10 min nəfərdən artıq rəsmi üzvü var.

Xəbər lenti

Xəbər lenti