...

Türkiyəli müğənni İrem Büyükkara : "Bakıda ulduz olmaq çox asan görünür"

Cəmiyyət Materials 21 Avqust 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir Ş. Cavadsoy/ Milli şou dünyasında digər dövlətlərdən gələn sənətçilərin qatılmasına bir növ adətkar olmuşuq. Xüsusən də bu qonaqlar qardaş ölkə Türkiyədən gələndə, onları özəl müsafir kimi baş tacımız edirik. İrem Büyükkara da adıçəkilən ölkədən paytaxtımıza təşrif buyurub. Özünün dediyinə görə ötən bu müddət ərzində əsla qəribçiliyin nə olduğunu bilməyib. Onunla söhbətimiz şəhərin ən populyar istirarət mərkəzlərinin birində baş tutdu. İrem xanım hər gün olmasa da vaxtaşırı məhz bu restoranda səhnə alıb, onu dinləmək arzusunda olanların görüşünə gəlir. Sözü çox uzatmadan yarı türk, yarı öz dilimizdə aldığım müsahibəni diqqətinizə çatdırıram. Beləliklə "Qonaq otağı"mızın bu dəfəki, qəhrəmanı İrem Büyükkaradır:

- Öncə sizi məmələkətimsizdə salamlamaqdan çox məmnunuq-İrəm xanım. İşlər necə gedir?

- Şükür olsun Allahın birliyinə. Çox qısa vaxt ərzində buradakı şou-biznesə qoşulmama baxmayaraq, yetərincə dinləyici auditoriyası qazanmağa müvəffəq olmuşam. İndi də gördüyünüz kimi səhnədə, öz işimin başındayam.

- Gəlişiniz gözlənilməz olsa da populyarlığınız qısa vaxtda oldu. Səbəbini bilmək olar?

- Elə bir səbəbin olduğunu heç özüm də dəqiq bilmirəm. Sadəcə gəldiyim gündən hədsiz dərəcədə isti münasibətlə qarşılandım. Tamaşaçılar da məni yad birisi kimi qəbul etmədilər. Sağ olsun azəri müğənnilər də. Onlardan da xüsusi bir doğmalıq hissi duyuram.

- Demək, artıq dostlar da qazanmağın öhdəsindən gəlmisiniz?

- Təbii. Dost köməyi olmasaydı, heç bir işi həyata keçirə bilməzdim. Başda çox tanınmış şou-yazarı olan Zümrüd Güləliqızı, istəkli müğənni Pişik ləqəbli Günel olmaqla bir çox insanlardan mənəvi dəstək alıram. Demək olar ki, Günel mənə səhnənin tələb etdiyi bütün qayda-qanunlarla tanış edir. Həmçinin Zümrüd xanım da. Belə dostlarımın olmasıyla qürur duyuram.

- Deyəsən, səsyazma studiyası baxımından da heç bir probleminiz yoxdur.

- Bəli, belə demək olar. Sizə bir sirr açmaq istəyirəm. Gəldiyim gündən ancaq təmiz qəlbli insanlarla rastlaşıram. Onlardan biri "hoca" deyə müraciət etdiyim peşəkar səs rejissoru Vilayət Qəhrəmanzadə, digəri isə "VSL Notton production"ın rəhbəri, yüz minlərlə pərəstişkarı olan müğənni Vüsal Əliyevdir. Albom və disk çalışmalarımı da bu şirkətə həvalə etmək fikrindəyəm. İnşallah, çox layihələri həyata keçirmək niyyətindəyəm.

- Bilmirsiniz ki, hansısa proyekti ərsəyə gətirmək üçün mütləq sponsor tapmaq lazımdır?

- Başa düşürəm ki, sponsorsuz nəsə etmək qeyri-mümkündür. Bu təkcə burada yox, Türkiyədə yox, hətta bütün dünya şou-biznesində mövcuddur ki, sponsorsuz müğənni olmaq çətindir. Ona görə də həqiqi sponsora ehtyacım var.

- Amma bizlərdə sponsor kəlməsinin bir neçə anlamı var. Məsələn; day-day, sevgili və.s.

- Sualı cavablandırmaq çox çətindir. Məlumdur ki, kimsə kiməsə boşu-boşundan pul xərcləmir. Ancaq, bu o demək deyil ki, pul-para hər şeyi həll edir. Zənnimcə, müğənnidən çox şey asılıdır. Əgər, hər bir iş qanuni çərçivədə öz həllini tapsa, sponsorun mənaları da dəyişməz olaraq qalar.

- Çox sərt danışırsız. Niyə?

- Dediklərim qəribə görünməməlidir. Mən ancaq, düşündüklərimi bölüşdüm.

- Şou-proqramlara gedirsiniz. Bəs, toylara necə, dəvətlər gəlirmi?

- Toyda oxumaqdan da çəkinmirəm. Sadəcə, hələ pul qazanmağı ikinci plana keçirib, əsasən səviyyəli repertuar toplamaq üzərində işləyirəm. Məncə, pulu hər zaman qazanmaq mümkündür.

- Azəri musiqilərini bilirsizmi?

- Bilməsəydim, günah olardı. Elə-belədən deməyiblər ki, biz bir-millət, iki-dövlətik. Xalq mahnıları, korifey bəstəkarların bəstələrindən bir neçəsini, təbii ki, səs imkanlarıma uyğun olanları oxuyuram. Lakin fikrim var ki, sizlərin, türk musiqisinin divası Bülent Ersoyun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri adlandırdığınız gənc müğənni-bəstəkar Arif Səlimovun silsilə mahnılarını lentə yazdırım. Təki, canımız sağ olsun. Hələ hər şey irəlidədir.

- Sizi həm də "Jurnalistlərin Musiqi Festivalı"nda iştirakçı kimi gördük.

- Bu təklif "Marka prodakşın"ın rəhbəri Zaur Kamaldan gəlmişdi. Mən də dəyərləndirdim. Zaur müəllim də sağ olsun, edə bildiyi bütün köməyini təmənnasız-filansız məndən əsirgəmir.

- İrem xanım, nə əcəb Türk şou biznesinə deyil, bizim səhnəyə qatılmağa üstünlük verdiniz?

- İnanın hələ tam olaraq heç buradakı şou-biznesə qatılmamışam. Çoxları deyir ki, Bakıda ulduz olmaq çox asan görünür. Mən bu fikirlə də razılaşmıram. Dünyanın hər bir nöqtəsində pop-sənətçi adını qazanmaq, böyük zəhmətlər hesabına başa gəlir. Yəqin disk buraxdırdıqdan sonra İstanbula qayıdıb, orada da bir-iki layihələr üzərində işləyərəm. Hələliksə buradayam və sənətdəki mövqeyimi peşəkarlığa doğru artırıram. Sözsüz ki, yaxşı insanların dəstəyini alaraq.

Xəbər lenti

Xəbər lenti