Azərbaycan, İsmayıllı, 10 may /Trend, müxbir Ə.Həsənov/
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş velosiped turunun ikinci mərhələsində Rubio (İspaniya) qalib gəlib, Rəqiqi (Əlcəzair) isə yarışın liderliyini ələ keçirib.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş veloturun ikinci mərhələsində velosipedçilər Bakı və İsmayıllı arasında 176 km məsafəni qət ediblər. Mərhələnin qalibi "Diputación de Àvila - Smilekers.com" komandasının nümayəndəsi ispaniyalı Diego Rubio Hernandez olub. Yarışın ümumi liderliyini CMC (Dünya Velosiped Mərkəzi) komandasını təmsil edən Əlcəzair idmançısı Yusif Rəqiqi ələ keçirib.
Yürüşün təxminən 90 km-dən sonra 2008-ci il "Tur de Frans" yarışının qalibi olmuş Karlos Sastre tərəfindən idarə olunan "Diputación de Àvila - Smilekers.com" komandasının nümayəndələrindən ibarət olan ikinci qrup qarşıdakı qrupa çata bilib.
İkinci aralıq sprintindən sonra beş velosipedçi yenidən qabağa atılıb. Onlardan yalnız biri - litvalı Zidrunas Savitskas ("Gediminas Gruodis" komandası) qrupdan aralanmağı bacarıb, lakin sonuncu yoxuşda daha 8 idmançı ona qoşulub. İsmayıllıya çataçatda kəskin mübarizə yaranıb, öndəki 9 velosipedçidən üçü (Rubio, Rəqiqi və Savitskas) yürüşün önünə keçiblər. Nəhayət, şəhərin küçələrindəki sonuncu kilometrdə Rubio onu müşaiyət edənlərdən ayrılmağı bacarıb və finiş xəttinə onu təqib edən Rəqiqidən 12 saniyə tez çatıb. Buna baxmayaraq, veloturun göy lider köynəyi rusiyalı Aleksandr Qriqoryevdən məhz Yusif Rəqiqiyə keçib.
"Bugünkü yürüş çox sürətli başlayıb. İlk ayrılmada bizim "Àvila-Smilekers.com" komandasının velosipedçiləri yox idi, ona görə öndəki qrupu təqib etmək işi bizə düşdü, - Diego Rubio ikinci mərhələ haqqında fikirləri ilə bölüşüb. - Mən bu yarışa böyük ümidlərlə qoşulmuşam. Bu gün ayaqlarımla yaxşı işlədim. Hava çox isti, məsafə isə çox uzun və çətin idi. Bunlara baxmayaraq, mən bu gün birinci oldum. Növbəti mərhələlərdəki çıxışlarımı proqnozlaşdırmaq istəməzdim - hər günün öz hökmü var".