...

"Qarabağ" və "Xəzər Lənkəran" büdrədi, "Neftçi" lideri məğlub etdi

İdman Materials 31 Oktyabr 2012 16:59 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasının XI turunun oyunları keçirilib.
"Qarabağ" və "Xəzər Lənkəran" büdrədi, "Neftçi" lideri məğlub etdi

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının XI turunun oyunları keçirilib.

Trend-in məlumatına görə, son oyun günündə 4 qarşılaşma baş tutub.

Sumqayıtın eyniadlı klubu doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edib. 53-cü dəqiqədə Aftandil Hacıyev qonaqları məyus edib (1:0). 74-cü dəqiqədə isə Kazım Kazımlı bərabərliyi təmin edib (1:1). Beləliklə, komandalar bir xalla kifayətləniblər.

"Qəbələ" səfərdə "Qarabağ"ın qonağı olub. Matçın ilk hissəsində "Qəbələ" Rəşad Abdullayev və Luis Haulo Hilarionun qolları ilə önə çıxıb. 59-cu dəqiqədə "Qarabağ"ın heyətində Muarem Muarem hesab arasındakı fərqi azaldıb (1:2). Başqa qol qeydə alınmadığından matç elə bu hesabla da başa çatıb.

Günün ən maraq doğuran qarşılaşması Bakıda keçirilib. Son Azərbaycan çempionu "Neftçi" Premyer Liqanın lideri "Simurq"u qəbul edib.

Matçda ilk qol bakılılardan gəlib. 8-ci dəqiqədə Nikolas Kanales penaltidən yararlanıb. 34-cü dəqiqədə Kanales dubla imza atıb. Zaqatalılar 48-ci dəqiqədə Ruslan Poladovun qolu ilə hesab arasındakı fərqi mimimuma endirə biliblər. Lakin "Simurq"un ikinci qol cəhdləri uğursuz olub (2:1).

"Turan" isə doğma meydanda "Rəvan"ı sınağa çəkib. İlk qol 24-cü dəqiqədə tovuzlulardan gəlib: Murad Ağakişiyev (1:0). Lakin Nemanya Vidakoviçin dublu ilə qonaqlar önə çıxıblar (1:2). Matçın son dəqiqələrində isə Aleksandr Kurstkeviç "Turan"ı məğlubiyyətdən xilas edən qola imza atıb (2:2)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti