...

Azərbaycan Kuboku: Premyer Liqa təmsilçiləri 1/4 finalda (ƏLAVƏ OLUNUB)

İdman Materials 28 Noyabr 2012 20:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.

Trend-in məlumatına görə, bir oyundan ibarət bu mərhələnin bütün görüşləri bu gün keçirilir.

"Neftçi" səfərdə "Tərəqqi"ni sınağa çəkib. "Tərəqqi" son ölkə çempionunun qarşısında davam gətirə bilməyib (0:5). Qollar: Elşən Abdullayev, 19, Elvin Yunuszadə, 27, Mahir Şükürov, 32-pen, Erik Ramos, 39, Kamil Nurəhmədov, 45.

"Bakı" isə doğma meydanda "Sumqayıt"ı qəbul edib. Paytaxt futbolçuları rəqibi məğlub etməkdə çətinlik çəkməyiblər - 3:1.

Premyer Liqanın digər təmsilçisi "Qəbələ" də ¼ final mərhələsinə yüksəlib. "Qaradağ Lökbatan"ı qəbul edən qəbələlilər 2:0 hesabı ilə qalib gəliblər.

90 dəqiqə "Qarabağ"ın hücumlarına tab gətirən "Kəpəz" matça əlavə olunan vaxtda Bujamin Asaninin avtoqolu ilə geriyə düşüb. Bu qoldan ruhlanan "Qarabağ" futbolçuları rəqibi ikinci dəfə məyus ediblər - 0:2.

"Turan" - "Xəzər Lənkəran" matçında isə əsas vaxtda qalib müəyyənləşmədiyindən (1:1) oyunun taleyi penaltilərlə həll olunub. Lənkəran təmsilçisi qalib gəlib - 4:5.

AZAL doğma meydanda "Simurq"a minimal hesabla məğlub olub. Görüşdə yeganə qolun müəllifi 25-ci dəqiqədə Ruslan Poladov olub (0:1).

"İnter" isə I divizion təmsilçisi MOİK-i 3 cavabsız topla məğlub edib (3:0).

Paytaxtın "Rəvan" klubu "Neftçala" ilə qarşılaşıb. Gərgin keçən matçda "Rəvan" futbolçuları qələbə topunu son dəqiqələrdə vura biliblər (2:1).

Beləliklə, 1/4 finalda qarşılaşacaq cütlüklər məlum olub:

"Simurq" - "Neftçi"
"Qəbələ" - "Qarabağ"
"Bakı" - "İnter"
"Rəvan" - "Xəzər Lənkəran"

Qeyd edək ki, 1/4 final oyunları 2013-cü il fevralın 27-si və martın 7-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti