Murad Əliyev, Trend-in icmalçısı
Artıq Bakı yalnız Şərqlə Qərbin kəsişməsində tarixi bir şəhər kimi deyil, dünya idman birliyi tərəfindən bir idman şəhəri kimi tanınır. Bu, 8 dekabr 2012-ci ildə Romada keçirilən Avropa Olimpiya Komitəsinin (AOK) 41-ci Baş Assambleyasında da sübut edildi.
Öz olimpiadasını keçirmək qərarına gələn Avropa ailəsi tarixdə ilk dəfə olaraq 2015-ci ildə Avropa Oyunlarının keçirilməsini Bakıya həvalə etdi.
XIX əsrin sonlarında fransız ictimai xadimi baron Pyer de Kuberten tərəfindən Qədim Yunanıstanda mövcud olmuş Olimpiya oyunlarının bərpa olunması təşəbbüsü irəli sürülərkən təşkilatçı şəhər kimi simvolik olaraq Afina - antik dövrlərdən Olimp dağının ətəyində təşkil edilən idman yarışlarının məkanı seçildi. Bu günədək də dünyanın bütün arxivlərində olimpiadanın vətəni kimi Ellada (Yunanıstan) göstərilir.
Bəs Avropanı bu qədər məsuliyyətli, tarixi qərarı qəbul etməyə nə sövq etdi? Azərbaycan ümumdünya olimpiya hərəkatına MDB ölkələri daxilində 1992-ci ildən qoşulsa da, ilk dəfə üçrəngli bayrağımız 1996-cı ildə Atlanta olimpiadasında dalğalandı. Okeanın o tayında keçirilən olimpiadada qazancımız cəmi bir gümüş medal olmuşdu. Həmin olimpiadadan sonrakı dövrdə hər yeni Olimpiya Oyunlarında medallarımızın sayı ədədi silsilə ilə artıb 2012-ci il London Olimpiadasında sayı 10-a yüksəldi.
Şübhəsiz ki, hər bir ölkənin idman uğurları onun idman infrastrukturu ilə düz mütənasiblik təşkil edir. Təsadüfi deyil ki, Qərbi Avropa ölkələrinin yüksək səviyyəli yarışlarda qələbə qazanan idmançılarının çoxu yeniyetmə yaşlarından Afrika, Mərkəzi və Cənubi Amerikanın yoxsul ölkələrindən imiqrasiya etmiş gənclər olur. Müstəqilliyin ilk illərində çətin siyasi, sosial böhranla üzləşən Azərbaycandan da "beyin axını" baş verdiyi kimi "güc axını" da nəzərə çarpan həddə idi - bir sıra peşəkar idmançılar və məşqçilər dolanışıq üçün Qərbə üz tuturdu.
1997-ci ildən İlham Əliyevin Milli Olimpiya Komitəsinə sədr seçilməsindən sonra Azərbaycanda başlanılan idman infrastrukturunun quruculuğu nəticəsində artıq bu gün ölkədə 35 Olimpiya Kompleksi istifadəyə verilib, hər bölgədə idman mərkəzləri əsaslı təmir olunub, yeni stadionlar inşa edilib.
Artıq ilkin idman bazasını yaradan Azərbaycan beynəlxalq yarışların təşkilini də qarşısına hədəf qoyur. Dəfələrlə ayrı-ayrı idman növləri üzrə dünya və Avropa çempionatlarının yüksək səviyyəli təşkili XXI əsrin ilk onilliyinin sonuna Azərbaycanı dünya idman birliyinə etibarlı təşkilatçı kimi tanıdır. Əgər Azərbaycanla eyni zamanda müstəqillik qazanmış digər MDB ölkələri hansısa beynəlxalq yarışı təşkil etmək üçün yalnız infrastrukturunu təqdim etməlidilərsə, Azərbaycan yerləşdiyi qəliz geosiyasi mövqeyi, cəlb olunduğu münaqişə fonunda dəfələrlə çox öhdəliklər, təhlükəsizlik üçün xüsusi təminatlar verməli olur.
Qarşısına qoyulan bütün şərtlərə baxmayaraq müxtəlif idman növləri üzrə mötəbər yarışları layiqincə təşkil edən Azərbaycan 2011-ci ildə ilk baxışdan fantastik görünən bir məqsədi qarşısına qoyur - Yay Olimpiya Oyunlarının təşkili. 2011-ci ilin avqust ayının 26-da keçirilən Beynəlxalq Olimpiya Komitəsini iclasında Bakının iddiaçı şəhər kimi namizədliyi təsdiqlənir. 9 ay ərzində Türkiyənin İstanbul, Yaponiyanın Tokio, İspaniyanın Madrid, İtaliyanın Roma, Qətərin Doha şəhərləri ilə mübarizə gedir və 23 may 2012-ci ildə keçirilən növbəti iclasda genişmiqyaslı idman yarışları təcrübəsinin olmaması ilə əlaqədar Bakı namizədlər siyahısından çıxarılır. Səbəb kifayət qədər başadüşüləndir - Yay Olimpiya Oyunları cüdo, boks üzrə dünya çempionatlarından fərqli olaraq daha kütləvi, hər bir ölkənin iştirak etdiyi tədbirdir.
BOK-un göstərdiyi iradı aradan qaldırmaq üçün işə kifayət qədər tez başlanıldı - 2012-ci ildə futbol üzrə 17 yaşlı qadınlar arasında dünya çempionatı təşkil olundu və bir sıra digər mötəbər yarışlara namizədlik təsdiqləndi.
XXI əsrin ikinci onilliyi üçün Azərbaycanda U-17 qadınlararası dünya çempionatı keçirildi, şahmat olimpiadası, şahmat üzrə dünya kuboku və digər bir sıra digər mötəbər yarışlar isə təşkil olunacaq. Lakin bütün idman yarışlarının zirvəsində, şübhəsiz ki, 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunları dayanacaq.
Belə görünür ki, 2015-ci ildə Avropa Oyunlarını təşkil etməklə Bakı "Köhnə Qitə"nin müasir Olimpi kimi tarixə düşəcək.