Azərbaycan, Bakı, 3 aprel /Trend/
Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.
Trend Azərbaycan Güləş Federasiyasına istinadən məlumat verir ki, çempionatın üçüncü günündə 74 və 125 kq sərbəst, 55 və 69 kq qadın güləşçilər mübarizə aparırlar. Azərbaycan güləşçiləri 3 çəki dərəcəsində təmsil olunurlar.
74 kq-da Cəbrayıl Həsənov 1/8 finalda Alberto Martineslə (İspaniya) qarşılaşıb və 84 saniyə ərzində 10:0 hesablı qələbə qazanıb. 1/4 finalda İsveçrə güləşçisi üzərində vaxtından əvvəl qələbə qazanan Cəbrayıl yarımfinala yüksəlib. Final yolunda türkiyəli Soner Demirtaşla görüşdə 2:0 geridə olmasına baxmayaraq, "boğça" fəndi ilə rəqibinin kürəyini yerə vuran güləşçimiz finala vəsiqə qazanıb. Onun finalda rəqibi Rusiya güləşçisi Ənvər Qeduyev olacaq.
125 kq-da mübarizə aparan Cəmaləddin Məhəmmədov isə 1/8 finalda Dmitri Mixaylovu (Latviya) mübarizədən kənarlaşdırıb - 10:0. Növbəti mərhələdə gürcü Davit Modzmanaşviliyə uduzan güləşçimiz çempionatda mübarizəni dayandırıb.
69 kq-da mübarizə aparan qadın güləşçimiz Nadya Sementsova zədələndiyindən moldovalı rəqibi ilə görüşə çıxmayıb və mübarizəni dayandırıb.
Final görüşləri Bakı vaxtı ilə saat 20.00-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.
Qeyd edək ki, güləşçilərimizin hesabında 2 qızıl, 2 gümüş medal var.